ABŞ və İsrail noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək imkanını nəzərdən keçirirlər.
Heftelik.az xəbər verir ki, “The New York Times“ qəzetinin mənbələrə istinadən məlumatına görə, Vaşinqton və Təl-Əviv qısamüddətli, lakin intensiv hərbi əməliyyat planı hazırlayıblar.
Bildirilir ki, mümkün zərbələrin hədəfləri arasında İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatları anbarları yer ala bilər.
Nəşrin iddiasına əsasən, Kolanq-Qaz-La dağının altında gizlədildiyi ehtimal olunan nüvə obyektinə də hücum edilə bilər.
Bununla yanaşı, bəzi amerikalı rəsmilər bildiriblər ki, hədəflər müəyyənləşdirilərkən İranın neft emalı zavodlarına zərbə endirilməsindən çəkinmək planlaşdırılır. Buna səbəb ABŞ Prezidenti Donald Trampın benzinin qiymətinin daha da artmasından narahat olmasıdır.
Qəzet qeyd edir ki, Tramp noyabrın 3-dən sonra hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar qəbul etməyib. Bununla belə, hücumların oktyabr ayında başlanması ehtimalı da tam istisna olunmur.
NYT-nin qiymətləndirməsinə görə, fevral-aprel aylarında həyata keçirilən bombardmanlar enerji qiymətlərinin və qlobal inflyasiyanın artmasına, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin pisləşməsinə, həmçinin ABŞ-nin raketdən müdafiə ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Bu arada ABŞ Prezidenti Donald Tramp Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı Ukraynadakı müharibənin və İranla hərbi qarşıdurmanın yaxın vaxtlarda başa çata biləcəyini bildirib.
ABŞ Prezidenti indiyədək səkkiz müharibənin və ya hərbi qarşıdurmaya çevrilmək təhlükəsi olan vəziyyətin nizamlanmasına nail olduğunu iddia edib.
“Mən səkkiz müharibəni və ya müharibəyə çevrilmək üzrə olan vəziyyəti həll etmişəm. İndi daha iki müharibənin – Rusiya ilə Ukrayna arasındakı münaqişənin və İranla müharibənin başa çatmasına yaxınıq. Onlar bu və ya digər şəkildə sona çatacaq”, – Tramp vurğulayıb.
ABŞ lideri mümkün razılaşmaların konkret şərtləri və müddətləri barədə əlavə məlumat verməyib.
