Fransada aksiyalar qadağan edilir

22 Oktyabr 2026, 17:25

Fransa Prezidenti Emmanuel Makron qarşıdakı günlərdə qanuni əsası olmayan nümayiş və toplantıların qadağan ediləcəyini bildirib.

Heftelik.az Reuters-ə istinadən  xəbər verir ki, Makron bu barədə oktyabrın 22-də Yelisey sarayında kəşfiyyat xidmətlərinin iştirakı ilə keçirilən iclasdan sonra açıqlama verib.

Onun sözlərinə görə, qanuni əsasları olmayan şəxslər tərəfindən təşkil edilən nümayişlərə prefektlər tərəfindən qadağa qoyulacaq.

Fransa Prezidenti bildirib ki, həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyalara isə alternativ marşrutlar təklif ediləcək. Məqsəd şəhər mərkəzlərində, xüsusilə mağazaların və ictimai binaların təhlükəsizliyini təmin etməkdir.

Makron ötən şənbə günü baş verən hadisələrə toxunaraq, radikal sol qrupları Respublikanı devirməyə cəhd göstərməkdə ittiham edib və onların zorakılıq və əvvəlcədən planlaşdırılmış aksiyalar həyata keçirdiyini bildirib. O, digər cinayət əməllərinə qarşı da sərt tədbirlərin görüləcəyini deyib.

Prezident həmçinin bildirib ki, Baş nazir və hökumət bazar ertəsi tələbə və şagirdlər, müəllimlər, həmkarlar ittifaqları, işəgötürən birlikləri, yerli özünüidarəetmə orqanları və parlament nümayəndələri ilə görüş keçirəcək. Görüşdə xüsusilə gənclərin qanuni tələblərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Fransada oktyabrın 17-də keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı zorakılıq, talan və dağıntılar baş verib. Qarşıdakı şənbə günü, oktyabrın 24-də yeni aksiyaların keçirilməsi planlaşdırılır.