“Gürcüstanda keçirilən tədbirə dəvət aldığım üçün bu ölkəyə getmişdim. Lakin hava limanına çatdıqdan sonra pasport yoxlama məntəqəsində saxlanıldım və bunun səbəbi barədə mənə heç bir məlumat verilmədi”.
Heftelik.az xəbər verir ki, bunu News24.az -a açıqlamasında Milli Qəhrəman İbad Hüseynov deyib.
Onun sözlərinə görə, özünü təqdim edərək Azərbaycanın Milli Qəhrəmanı olduğunu bildirsə də, bu, qarşı tərəfin münasibətinə təsir etməyib:
“Heç bir səbəb demədən 6 saat ac-susuz orada gözlətdilər. Dedim ki, Azərbaycanın Milli Qəhrəmanıyam, amma yenə də heç bir reaksiya vermədilər. Nə üçün saxlanıldığımı başa düşmürdüm”.
O qeyd edib ki, hava limanında olduğu müddətdə telefonunda internet bağlantısı olmayıb və buna görə də Azərbaycana məlumat verməkdə çətinlik çəkib:
” Orada bir qız var idi, sağ olsun, telefonumu şəbəkəyə qoşmağa kömək etdi. Bundan sonra Azərbaycana xəbər verdim ki, burada saxlanılmışam. Mənə elə gəlirdi ki, məqsəd məni Gürcüstanda saxlamaqdır”.
İbad Hüseynov bildirib ki, vəziyyətlə bağlı məlumat verildikdən sonra Azərbaycan tərəfi onunla maraqlanıb və kömək göstərib:
“Daha sonra Azərbaycanın səfirliyinə məxsus avtomobil hava limanına gəldi və məni səfirliyə apardılar. Səfirlikdə mənə narahat olmamağı və dəvət olunduğum tədbirdə iştirak edə biləcəyimi dedilər. Dövlətim sağ olsun, yanımda oldu. Mən əvvəllər belə bir hadisə ilə qarşılaşmamışdım”.