Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Əsgərova 2 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilib.
Məlum olub ki, Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birindən 800, digərindən 700 manat alaraq ələ keçirib.
Zərərçəkmiş şəxslərdən Xalidə Əzizova (şərti ad soyadlı) ifadəsində bildirib: “Gədəbəyin Arısu kəndində yaşayıram. Kənddə olarkən sakinlərdən buraya Ramidə adlı falçının gəldiyini eşitdim. Qızımın ailəsində problemlər olduğu üçün Ramidəyə yaxınlaşdım, onlar haqqında danışdım. Ramidə isə qızıma “qurd yağı” çəkildiyini, bu səbəbdən də ailəsi ilə problemləri olduğunu, mənə bu işdə kömək göstərəcəyini və 800 manat pul alacağını dedi. Ramidəyə inanıb pulu hissə-hissə olmaqla ona verdim. Sonradan qızım ərindən boşandı, mən də aldadıldığımı başa düşüb şikayət etdim”.

Digər zərərçəkmiş şəxs Şəhla Behbudova isə falçıya övladının xəstəliyi ilə əlaqədar müraciət etdiyini deyib: “Gədəbəyin Düzyurd kəndində yaşayıram. Bir gün Tovuz rayon sakini Ramidə Əsgərovanın falçı kimi kəndimizə gəldiyini eşitdim, həmin gün ona yaxınlaşıb qızımın xəstə olduğunu, tibbi müalicənin fayda vermədiyini deyib kömək etməsini xahiş etdim. Ramidə qızımın şəklinə baxdı, onu 2 aya sağalda biləcəyini deyərək qarşılığında 700 manat pul istədi, mən də razılaşdım. Onunla birlikdə yaşadığım evə getdik, pulu verdim. Ramidə evin həyətindən düyünlü sap çıxarıb qızıma əməl olunduğunu bildirdi, sonra çıxıb getdi. Xeyli vaxt qızımın sağalmadığını görüb onun məni aldatdığını başa düşdüm”.
Təqsirləndirilən qadın isə ifadəsində bildirib ki, artıq falçılıqla məşğul olmur. O, zərərçəkmiş şəxslərə vurduğu zərəri tamamilə ödədiyini və barışıq əldə edildiyini bildirib.
Barışıq ərizələri məhkəməyə təqdim edilib.
Gədəbəy Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Ramidənin cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə qərar verib.
