Hollivud ulduzu Ben Afflek aktyorluq karyerasının ən çətin və xoşagəlməz dövründən danışıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 54 yaşlı aktyor  “Ədalət Liqası” (“Justice League”) filminin çəkilişlərini karyerasının ən pis təcrübəsi adlandırıb.

Onun sözlərinə görə, filmin yenidən çəkilən səhnələri üzərində işləmək onun üçün əsl kabusa çevrilib. Vəziyyət rejissor Zak Snayderin layihədən ayrılması və işlərin Coss Uidonun rəhbərliyi altında davam etdirilməsi ilə daha da mürəkkəbləşib.

“Karyeramın ən pis anının hansı olduğunu bilmək istəyirsinizsə, məhz o dövr idi”, – Afflek vurğulayıb.

Aktyor Snayderin başına gələnlərdən sonra kinostudiyanın göstərdiyi davranışı da sərt tənqid edib. Qeyd edək ki, rejissor 20 yaşlı qızı Autumnun ölümündən sonra layihəni tərk edib.

Afflek hesab edir ki, studiya rəhbərliyi bundan rejissoru layihədən uzaqlaşdırmaq üçün bəhanə kimi istifadə edib.

“Bunun bəhanə kimi istifadə olunmasını indiyədək gördüyüm ən iyrənc davranışlardan biri hesab edirəm. Bu, son dərəcə dəhşətli idi. Bütün atmosfer olduqca xoşagəlməz idi. Bəzi hadisələrdən birbaşa xəbərim olmasa da, Rey Fişer, Qal Qadot və başqalarından eşitdiklərim vəziyyətin nə qədər çirkin olduğunu göstərirdi”, – aktyor əlavə edib.