Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətlər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunla müəyyən edilir.

Vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz. Vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın. İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Konstitusiya və qanunlara uyğun məşğul ola bilər.

Vəzifəli şəxs reklamla məşğul ola və şəxsi maraq, o cümlədən hər hansı haqq əvəzinə sahibkara, onun istehsal və ya idxal etdiyi mala (gördüyü işə və göstərdiyi xidmətə) münasibət bildirə bilməz.

Vəzifəli şəxs qulluq funksiyalarının icrası ilə bağlı xidməti məlumatlardan, xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi qanunla qorunan sirlərdən işlədiyi müddətdə və vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün, o cümlədən özünün, yaxud üçüncü şəxslərin xeyrinə istifadə edə bilməz.

Vəzifəli şəxs dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün istifadə edə bilməz.