Türkiyənin keçmiş Milli Kəşfiyyat Təşkilatının əməkdaşı Kaşif Kozinoğlunun məzarının açılmasından sonra götürülmüş nümunələr üzərində Məhkəmə Tibb Qurumu tərəfindən aparılan ilkin araşdırmaların nəticəsi bəlli olub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparılmış autopsiyanın və laborator analizin nəticəsində Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda toksik maddə aşkar edilib.

Bununla belə, aparılan analizlər nəticəsində K.Kozinoğlunun məzar torpağında heç bir zəhərli maddəyə rast gəlinməyib.

Dəqiq ölüm səbəbinə dair yekun qiymətləndirmənin yer alacağı Məhkəmə Tibb Qurumu Ali Şurasının hesabatının prokurorluğa təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, “Ergenekon” təşkilatının üzvü olmaqda şübhəli bilinərək 10 mart 2011-ci il tarixində həbs edilmiş Kaşif Kozinoğlu ilk məhkəmə iclasına 10 gün qalmış, 12 noyabr 2011-ci ildə Silivri həbsxanasında vəfat edib. Rəsmi olaraq onun ürəktutmadan öldüyü açıqlanıb. Kozinoğlunun ölümü ilə bağlı sentyabr ayında yenidən başladılan istintaq çərçivəsində məzarının açılması barədə qərar qəbul edilib. Aparılan istintaq çərçivəsində 9 şübhəli saxlanılıb, onlardan üçü həbs edilib. Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan, daha sonra isə azadlığa buraxılan keçmiş həbsxana həkimi Turgay Tamer sentyabr ayında İstanbuldakı evində ölü tapılıb.