Uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı 6 ay sosial sığorta stajı tələbi müəyyən ediləcək.

Hazırda uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən az sosial sığorta stajı tələbi müəyyən edilmədiyindən əmək münasibətlərinin rəsmiləşdirilməsi prosesinin elektronlaşdırılması və prosedurların sadələşdirilməsi şəraitində sığortaolunanın əmək bazarına faktiki inteqrasiyası olmadan qısa müddət ərzində işə qəbul edilməsi və daha sonra uşağa qulluğa görə sosial məzuniyyətdən istifadə etməsi halları mümkündür. Bu isə yalnız dövlət vəsaiti hesabına verilən müavinəti əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması, eləcə də yaxın qohumlar və digər şəxslər arasında belə münasibətlərin qurulması yolu ilə sistemdən sui-istifadə risklərini artırır.

Qeyd olunan risklərin qarşısının alınması, sosial sığorta sistemində vahid yanaşmanın təmin edilməsi və uşağa qulluğa görə müavinətin təyin edilməsi mexanizminin digər analoji sosial sığorta ödənişləri ilə uyğunlaşdırılması məqsədilə həmin müavinətin təyin edilməsi üçün 6 ay sosial sığorta stajı tələbinin müəyyən edilməsi təklif olunur.

Eyni zamanda, uşağa qulluğa görə müavinətin məbləği hazırda uşağın bir yaş yarımınadək dövr üçün 44 manat, bir yaş yarımından üç yaşınadək dövr üçün isə 28 manat təşkil edir və bu məbləğlər sonuncu dəfə 2018-ci ildə artırılıb. Mövcud makroiqtisadi göstəricilər, o cümlədən minimum əməkhaqqı və orta aylıq əməkhaqqı ilə müqayisədə həmin məbləğlərin aşağı səviyyədə qalması bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.

Lakin uşağa qulluğa görə müavinətin alınması üçün minimum sosial sığorta stajı tələbinin olmaması qısamüddətli sığortalanma yolu ilə sosial sığorta sistemindən sui-istifadə hallarının yaranmasına səbəb ola bilər. Bu risklərin mövcudluğu isə müavinətin məbləğinin artırılması ilə bağlı daha geniş tədbirlərin həyata keçirilməsini məhdudlaşdırır.

Bu baxımdan, uşağa qulluğa görə müavinətin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi, sosial sığorta sistemində vahid yanaşmanın formalaşdırılması, mümkün sui-istifadə hallarının qarşısının alınması və gələcəkdə həmin müavinətin məbləğinin layiqli həddə çatdırılması məqsədilə 6 ay sosial sığorta stajının müəyyən edilməsi təklif olunur.