“Biz bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”.
Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.
“Əziz qardaşımın sıx qrafikinə baxmayaraq bu Zəfər günündə burada, Qarabağda olması bütün dünyaya birliyimizi bir daha göstərir.
Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, Türkiyədə və Azərbaycanda bununla bağlı heç kimdə şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.
Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir. Siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur koridoru – bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir. Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”, – deyə dövlət başçısı qeyd edib.
