Almaniya Cənubi Qafqazda sülh prosesini və regionda sabitliyin təmin olunmasını dəstəkləməyə hazırdır.

Heftelik.az  xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycana və Ermənistana səfəri öncəsi Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatında bildirib.

“Cənubi Qafqaz dönüş nöqtəsindədir, nəhayət, onilliklər boyu davam edən müharibəni, zorakılığı və məcburi köçkünlüyü geridə qoymaq üçün tarixi imkan yaranıb. Uzun müddət ağlasığmaz görünən hadisələr artıq real perspektivə çevrilib. Cənubi Qafqazda sülh fürsətindən indi istifadə edilməlidir”, – nazir vurğulayıb.

Vadeful Azərbaycanla Ermənistan liderlərinin nümayiş etdirdikləri cəsarət və məsuliyyətin davamlı sülhə yol aça biləcəyini qeyd edib.

“Ötən il sülh müqaviləsinin paraflanması bu yolda mühüm mərhələ oldu. İndi əsas məsələ bu istiqamətdə qətiyyətlə irəliləməkdir. Bu, uzunmüddətli perspektivdə bütün region xalqları arasında qarşılıqlı etimadın formalaşmasına imkan yarada bilər”, – o bildirib.

Almaniya XİN rəhbərinin sözlərinə görə, sərhədin hər iki tərəfində yaşayan insanlar cəsarət və etimadın real nəticələrini hiss etməlidirlər. Bu, daha yüksək təhlükəsizlik, açıq nəqliyyat yolları, iqtisadi ümidlər yaradan və barışığa töhfə verən perspektiv deməkdir.

“Almaniya bu prosesdə Ermənistan və Azərbaycanın etibarlı tərəfdaşı və dostu kimi onların yanındadır”, – Vadeful əlavə edib.

Nazir ilk dəfə xarici işlər naziri qismində Bakı və İrəvana səfər etdiyini bildirərək, səfərin məqsədinin sülhə doğru atılan addımların necə dəstəklənə biləcəyini müzakirə etmək olduğunu qeyd edib.

O, Almaniyanın ötən il Azərbaycan və Ermənistanla münasibətlərini yeni strateji əsaslara keçirdiyini xatırladıb. Vadeful birgə razılaşdırılmış strateji gündəliyin indi konkret layihələrlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Cənubi Qafqaz regionu Avropa ilə Asiya arasında tarixən mühüm qovşaq olub. Bu mövqe bu gün də ticarət, enerji tərəfdaşlıqları və yeni nəqliyyat əlaqələri üçün böyük potensial yaradır”.

Almaniya XİN rəhbəri bildirib ki, davamlı sülh və açıq sərhədlər təkcə region xalqları üçün deyil, bütövlükdə Avropanın qonşuluğunda təhlükəsizlik və sabitlik baxımından da faydalı olardı.

Qeyd edək ki, Yohann Vadeful noyabrın 17-də Azərbaycana, noyabrın 18-də isə Ermənistana səfər edəcək.