Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux noyabrın 17-də vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb.
Heftelik.az “Central Asia Media” portalına istinadən xəbər verir ki, dövlət başçısı bu qərarı ona qarşı irəli sürülən ittihamlar və parlamentdəki Demokrat Partiyası fraksiyasının araşdırma aparılması tələbi fonunda qəbul edib.
“Prezident səlahiyyətlərimi təhvil verəcəyəm. Şərəf və ləyaqətimi bərpa etmək üçün müvafiq qurumlara müraciət edəcəyəm”, – Xurelsux bildirib.
Onun sözlərinə görə, Demokrat Partiyasının parlament fraksiyası istefa verməsini və yoxlamadan keçməsini tələb edib.
“Mən bu tələblə razıyam. Heç vaxt yalan danışmamışam, oğurluq etməmişəm və heç kimi aldatmamışam. Buna görə də həqiqətin üzə çıxmasına və ədalətin təmin olunmasına çalışacağam”, – o vurğulayıb.
Prezident vəzifədə olduğu müddətdə heç vaxt mənimsəmə ilə məşğul olmadığını, əksinə, qanunsuz əldə edilmiş vəsaitlərin geri qaytarılması istiqamətində fəaliyyət göstərdiyini iddia edib.
İstefanın rəsmiləşdirilməsi və səlahiyyətlərin kimə ötürüləcəyi barədə hələlik məlumat verilməyib.
