Dünyanın ən gözəl qadını seçilən məşhur model Bella Hadidin atası, 78 yaşlı milyarder Məhəmməd Hadid yenidən evlənməyə hazırlaşır.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Fələstin əsilli amerikalı iş adamı özündən 35 yaş kiçik, 43 yaşlı rusiyalı model Keni Silvaya evlilik təklifi edib.
Onlar nişanlandıqlarını Dubayda keçirilən “Vogue Arabia Ball” tədbirində açıqlayıb. Milyarder sevgilisi ilə münasibətindən danışarkən onun sadəliyinə və həyata baxışına heyran olduğunu bildirib.
“Kenidə ən çox xoşuma gələn onun sadəliyi, həyat eşqi və uşaqlara olan sevgisidir. Düşünürəm ki, onun qəlbini tanıdıqdan, yalnız zahirən deyil, daxilən də nə qədər gözəl insan olduğunu anladıqdan sonra aşiq oldum”, – Məhəmməd Hadid söyləyib.
Keni Silva isə nişanlısının bütün ideyalarını dəstəklədiyini vurğulayıb.
“O, heç vaxt qanadlarımı qırmağa çalışmayıb”, – model qeyd edib.
Xatırladaq ki, bu ilin iyununda Bella və Cici Hadidin anası, 62 yaşlı keçmiş model Yolanda Hadidin də üçüncü dəfə ailə qurmağa hazırlaşdığı məlum olmuşdu. Ona tikinti sahəsində fəaliyyət göstərən iş adamı Rendi Kendrik evlilik təklifi edib.
Yolanda Hadid 1994–2000-ci illərdə Məhəmməd Hadidlə evli olub. Bu nikahdan onların Bella və Cici adlı iki qızı, Ənvər adlı bir oğlu dünyaya gəlib.
