Böyük Britaniyanın Baş naziri Endi Börnhem 1,3 milyon izləyicisi olan “TikTok” fenomeni Lyuk Hemnettin baş nazirin rəsmi iqamətgahı Dauninq küçəsi 10-da çəkdiyi rəqs videosuna görə sərt tənqidlərlə üzləşib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yaşayış xərcləri və iqtisadi çətinliklər fonunda yayılan görüntülər müxalifət və media tərəfindən “qeyri-ciddi” addım kimi qiymətləndirilib.
Podkast çəkilişi üçün iqamətgaha dəvət olunan Lyuk Hemnett səfər zamanı 2003-cü il istehsalı “Love Actually” filmində aktyor Hyu Qrantın canlandırdığı baş nazir obrazının məşhur rəqs səhnəsini təqlid edib.
“Yaşa, gül, Lyuk” podkastı çərçivəsində baş tutan söhbətdə musiqi, döymələr, Milli Səhiyyə Sistemi, yaşayış xərcləri və LGBT+ icmasının təhlükəsizliyi kimi mövzulara toxunulsa da, əsas müzakirə mövzusu rəqs görüntüləri və fenomenin Börnhemə ünvanladığı “Düşünürəm ki, həqiqətən, yaxşı iş gördünüz” sözləri olub.
Mühafizəkarlar Partiyasının lideri Kemi Beydenok baş naziri sosial media fenomenlərinə qapı açdığına görə tənqid edərək Hyu Qrantın filmdə baş nazir rolunu oynadığını, Börnhemin isə əsl baş nazir olduğunu vurğulayıb: “Xalqa yaxın olmaq onlara əylənməyə ehtiyacı olan uşaqlar kimi yanaşmaq demək deyil”.
İslahat Partiyasının lideri Li Anderson da baş naziri ölkədəki yaşayış xərcləri və iqtisadi problemlər fonunda rəqs videolarına vaxt ayırmaqda ittiham edib.
“The Sun” qəzetinin siyasi redaktoru Cek Elsom baş nazirin iqamətgahının “TikTok sirkinə” çevrildiyini yazıb və Börnhemin dörd aylıq fəaliyyəti ərzində cəmi iki rəsmi mətbuat konfransı keçirdiyini, Böyük Britaniya-Aİ sammitində isə jurnalistlərin yalnız iki sualını cavablandırdığını xatırladıb. Eyni zamanda, Vergi Ödəyiciləri Assosiasiyası dövlət vəsaiti hesabına keçirilən bu cür tədbirlərin xərclərinin açıqlanmasını tələb edib.
“Love Actually” filmində sözügedən səhnə:

