İlin ilk Super Ayı görünür

24 Noyabr 2026, 19:05

Hazırda Ay Yerə ən yaxın mövqedədir və ilin ilk Super Ayı görünür.

Bu barədə Heftelik.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

“Ay tam Ay fazasına çatıb, yəni Ay diskinin işıqlanması 100%-dir. Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğub. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq”, – məlumatda qeyd edilib.

Bildirilib ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr 05:28-də olacaq.

Qeyd edilib ki, Ay Yer ətrafında təxminən 27 günə bir dövr edir: “Onun orbiti elliptik olduğundan Yerlə Ay arasındakı məsafə dəyişir. Ay orbitinin Yerə ən yaxın nöqtəsi perigey, ən uzaq nöqtəsi isə apogey adlanır. Tam Ay fazası perigeyə yaxın vaxta təsadüf etdikdə Super Ay, apogeyə yaxın vaxta təsadüf etdikdə isə Mikro Ay müşahidə olunur. Ay apogeydə olduqda Yerdən təxminən 405500 km, perigeydə olduqda isə 363000 km məsafədə olur. Super ay zamanı Ay 30% parlaq və 14% böyük görünür. Ayın görünən ölçüsündəki fərq onun Yerə yaxınlaşması ilə bağlıdır, heç bir fiziki dəyişiklik baş vermir. Ay doğarkən üfüqdə daha iri görünür, əlavə olaraq Ayın binalar, ağaclar və digər yerüstü obyektlər fonunda görüntüsü optik illüziyanı daha da gücləndirir”.