Azərbaycanda satılan malların, işlərin və xidmətlərin qiymətləri yalnız manatla göstərilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, satıcı və ya icraçı qiymət barədə məlumatı istehlakçının nəzərinə mala əlavə olunan texniki sənədlər, nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya müvafiq xidmət sahələrində qəbul olunmuş digər üsullarla çatdırmalıdır. İstehsal edilmiş malların üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı, yaxud coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının adı, mənsubiyyəti, yerləşdiyi yer və standartların işarəsi göstərilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hazırladığı malların, işlərin və xidmətlərin etiketlərində isə sahibkarlıq fəaliyyəti hüququ verən sənədin nömrəsi və onu təsdiq edən orqanın adı əksini tapmalıdır. Zəruri hallarda sertifikatlaşdırma və dövlət standartlarının nömrəsi barədə məlumat da təqdim edilməlidir.