Müəlliflik və əlaqəli hüquq obyektlərinin qanuni hazırlanmasını və satışına icazə verilən malların dövriyyəsini təsdiqləyən nəzarət markasının anlayışı müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda əksini tapıb. Nəzarət markası audiovizual əsərlərin, fonoqramların, kompüter proqramlarının, məlumat toplularının, kitabların və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin nüsxələrinə yapışdırılır. Bu marka həmin nüsxələrin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını və ya istehsal olunduğunu təsdiqləyir. Həmçinin satışı üçün müvafiq dövlət orqanının razılığı tələb olunan malların, məmulatların və məlumat materiallarının satışına belə razılığın verilməsini təsdiqləyir. Nəzarət markası hərf-rəqəm kodu və holoqrafik müdafiə vasitəsi olan xüsusi nişandır. O, vahid nümunəli olur, müəyyən edilmiş qaydada tətbiq edilir və birdəfəlik istifadə üçün nəzərdə tutulur.

