İsveçin əfsanəvi futbolçusu Zlatan İbrahimoviç karyerasını kino sahəsində davam etdirə bilər.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, 45 yaşlı sabiq futbolçu Britaniyanın məşhur “MobLand” (“Qanqsterlər dünyası”) kriminal serialının üçüncü mövsümündə mənfi obrazlardan birini canlandırmaq üçün təklif alıb.

İbrahimoviçin Tom Hardi, Pirs Brosnan və Helen Mirren kimi dünya şöhrətli aktyorlarla birlikdə çəkiləcəyi gözlənilir. Məlumata görə, prodüserlər futbolçunun xarizmasının və xarici görünüşünün təhlükəli cinayətkar obrazına uyğun olduğunu düşünürlər.

2025-ci ilin martında “Paramount+” platformasında yayımlanmağa başlayan serial Londonun kriminal dünyasına nəzarət uğrunda mübarizə aparan iki nüfuzlu cinayətkar ailədən bəhs edir. Serialın yaradıcı heyətində məşhur rejissor Qay Riçi də yer alır. Noyabrın 20-də serialın ikinci mövsümü başa çatıb və üçüncü mövsümün çəkilişlərinə start verilib.

İbrahimoviçin kriminal Harrigan ailəsinin yeni düşmənlərindən birini canlandıracağı ehtimal edilir. Lakin onun rolu və yeni mövsümün yayım tarixi hələ rəsmən açıqlanmayıb.

Xatırladaq ki, məşhur futbolçunun ilk aktyorluq təcrübəsi olmayacaq. O, 2023-cü ildə “Asteriks və Obeliks: Səma imperiyası” filmində Yuli Sezarın ordusunda xidmət edən Antivirus adlı Roma döyüşçüsünü canlandırıb. Bundan başqa, İbrahimoviç 2022-ci ildə “Netflix” platformasının animasiya filmində özünü səsləndirib. Onun həyatı və futbol karyerası haqqında sənədli və bioqrafik filmlər də çəkilib.

Qeyd edək ki, “Milan”, “Barselona”, PSJ və “Mançester Yunayted” kimi klublarda çıxış edən İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. Hazırda o, “Milan” klubunun rəhbərliyində müşavir kimi fəaliyyət göstərir.