
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Sarvan Cəfərov 28 oktyabr 1985-ci ildə anadan olub.
1992-2003-cü illərdə Bakı şəhəri, 178 saylı orta məktəbdə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib.
2007-2008-ci illərdə hərbi xidmətdə olub.
2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib.
2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.
2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır.
2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.
2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
İngilis və Rus dillərini bilir.
Evlidir, 3 övladı var.
Xatırladaq ki, İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin olunub.

