Azərbaycan Respublikasına ayrılmış və ya ayrılacaq orbital mövqelər və onlarla əlaqədar radiotezliklər dövlətə məxsusdur və “Lisenziyalar və icazələr haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq kosmik operatorların istifadəsinə ayrılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqelər, onlarla əlaqədar radiotezliklər, habelə peyk şəbəkələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və kosmik operator tərəfindən birgə koordinasiya edilir.