Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə  on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, eyni əməllər:

– qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

– təkrar törədildikdə

– odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;

– ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda;

– beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə; 

– dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə

– on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd edək ki, terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.