Türkiyədə 28 mayda prezident seçkilərinin II turu keçiriləcək. Qardaş Azərbaycanımızın millət vəkilləri bizə dəstək nümayiş etdirirlər.

Bunu Heftelik.az-a açıqlamasında AK Partiya sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

O, Azərbaycan-Türkiyə münasibətlərinin, xalqlarımızın, eləcə də dövlətlərimizin qardaşlıq, dostluq əlaqələrinin çox yüksək səviyyədə olduğunu bildirib: “Hazırda qarşımızda bir seçki prosesi var. Bazar günü yüksək fərqlə liderimiz Ərdoğanı 100 illiyin prezidenti seçəcəyik. Bu müddətdə qardaş Azərbaycanın Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının dəstəyini hiss edirik. Biz bundan çox məmnunuq və buna görə sizlərə təşəkkür edirik. Azərbaycan-Türkiyə mərhum ümummilli lider Heydər Əliyevin dediyi kimi, iki dövlət, bir millətdir. Bu səbəbdən də cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu dostluq və qardaşlığı hər zaman üstün tuturlar. Hər gün yeni bir iş birliyi olur”.

Binəli Yıldırım Azərbaycanın haqq davası olan Qarabağ müharibəsinin 44 gün ərzində yekunlaşmasına hər bir azərbaycanlı kimi, sevindiklərini qeyd edib: “Qarabağın azad olması böyük bir zəfərdir. 44 gün ərzində baş verən Vətən müharibəsində şəhidlərimiz də olub. Onlara Allahdan rəhmət diləyirik. Türkiyə keçmişdə olduğu kimi, hər zaman Azərbaycanın yanındadır. Qarabağın dirçəlməsi istiqamətində də Azərbaycana dəstəyik. Biz də var gücümüzlə qardaşlarımıza kömək edəcəyik”.

Sabiq Baş nazir bildirib ki, İstanbulda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri seçilməsindən qürur duyub: “Bu istiqamətdə görülən işlər var. Xalqlarımızın arasında birliklərin daha da genişlənməsi istiqamətində işlər həyata keçiririk”.