Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə ASOSAI təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İşçi Qrupunun ilk fiziki toplantısı keçirilir.

Heftelik.az xəbər verir ki, tədbir iştirakçıları toplantıdan öncə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Sonra isə Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Hesablama Palatası da daxil olmaqla 11 Ali Audit Orqanın (AAO) iştirakı ilə keçirilən bu tədbir 23-25 may 2023-cü il tarixlərinədək davam edəcək. Tədbir zamanı üzv AAO-ların DİM-lərə hazırlıq və DİM-lərin auditi sahəsində əldə etdikləri nailiyyətlərdən, həmçinin qabaqcıl təcrübələrdən bəhs ediləcəkdir.

Məlumat üçün bildiririk ki, 2022-ci ildə fəaliyyətə başlamış İşçi Qrupun əsas məqsədi növbəti on il ərzində (2030-cu ilə qədər) DİM-lər sahəsində müxtəlif AAO-lar arasında bilik və təcrübə mübadiləsi aparmaq, sözügedən sahəni həm regional, həm də beynəlxalq səviyyədə zənginləşdirməkdir.