Ümumtəhsil müəssisələrində tədris olunan fənlərlə müqayisə etsək, peşə təhsili müəssisələrində ixtisasların sayı kifayət qədər çoxdur.

Bunu Heftelik.az-a müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, ona görə də burada sertifikasiyanın aparılması daha böyük miqyaslı işdir və daha böyük hazırlıq tələb edir:

“Əslində uğur formulumuzun bir hissəsi təhsilverənlərin keyfiyyətindən asılıdır. Biz son iki ildir peşə təhsili müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulunu mərkəzləşmiş qaydada aparırıq. Bu tendensiya davam edəcək. Bizim bir çox müəssisələrimizdə çox təcrübəli müəllimlərimizin bəziləri çalışmanın yaş həddinə çatıblar. Bir çox hallarda regionlarda mütəxəssislərin tapılmaması onların əvəz edilməsində ciddi problem yaradır.

Bütün bunlar nəzərə alındıqda, bu il üçün peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları və ixtisas müəllimləri üçün sertifikasiya və attestasiya kimi bir planımız yoxdur. Amma növbəti illərdə bu tip alətlərdən istifadə edilməsi fikrimcə labüddür. Biz bunun üzərində müəyyən çalışmalar aparıb kommunikasiya edəcəyik. Ən yaxşı peşə müəllimi fikrimcə müəyyən təhsili olan və eyni zamanda, sənayedə təcrübəsi olanlardır ki, pedaqoji biliklər aşılandıqdan sonra yaxşı mütəxəssis ortaya çıxara bilərik. Sənayedə çalışan ixtisaslı kadrların peşəyə cəlb olunması istiqamətində bir sıra modelləri təklif etməyi düşünürük”.