Kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərinin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılmasına görə tətbiq edilən cəzalar açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinə əsasən, kompyuter parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən digər analoji məlumatların kompyuter sisteminə qanunsuz daxil olma, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə, kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərinin törədilməsi məqsədi ilə satışı, yayılması və ya onların əldə edilməsinə digər formalarda şərait yaradılması iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər:

– təkrar törədildikdə;

– qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

– vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.