Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib.
Heftelik.az-ın məlumatına görə, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib:
“Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”.
Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev intihar edəcəyini elan edib.

***

saat 10.00

 

Jurnalist Ceyhun Rzayev bu gün saat 11:00-da intihar edəcəyini açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, o bu barədə “Facebook”-da paylaşım edib.

“Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa – üzr istəyirəm. Haqqınızı halal edin.
Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən, məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər.
Ünvan: Kaveroçkin küçəsi 8. Göy Məscidin arxasında Dərə marketin yaxınlığı”, – o bildirib.