Keisuke Vakizakanın Qarabağla bağlı mövqeyi erməniləri qəzəbləndirib

Ermənilər yapon alimini söyüb, mənəvi-psixoloji təzyiqə məruz qoyub, Ermənistana buraxmayıblar

Bu günlərdə Ermənistan sərhədçiləri, təhlükəsizlik əməkdaşları yapon alimi, doktor  Keisuke Vakizakanı (Keısuke Wakızaka) Gürcüstan sərhədindən ölkəyə buraxmayıblar. Ancaq iş bununla bitməyib.

Yapon alimi “Haber-Qlobal” TV-yə açıqlamasında deyib ki, Qafqaz üzrə ixtisaslaşdığı üçün Ermənistanı daha yaxından tanımaq, erməni dili bilgisini inkişaf etdirmək, kitabxanalara, müxtəlif yerlərə baş çəkmək, erməni mütəxəssisləri ilə görüşmək üçün İrəvana getmək istəyib. Bu Keisukenin Ermənistana ilk səfəri deyil, 2022-ci ildə İrəvana gedib, ancaq elə bir problemlə qarşılaşmayıb.

Keisukenin bu dəfə Ermənistana turist kimi getmək istəyi elə Gürcüstan-Ermənistan sərhədində yarımçıq qalıb. Sərhəd keçidində əvvəlcə yapon alimi başqa bir otağa aparıblar, sonra isə təhlükəsizlik qüvvəsinin əməkdaşları onu sorğu-suala tutmaq üçün harasa aparıblar. Telefonunu əlindən alıb heç kəslə əlaqə saxlamasına imkan verməyiblər, bütün votsap, facebook, messencer mesajlarını incələyiblər: “Telefonumdakı türk milliyyətçi dostlarımla şəklimi göstərərək mənim türk casusu olduğumu söylədilər. Mənə qarşı münasibətlərinin səbəbi isə Ermənistanla bağlı məqalələr yazmağımdır. Yəqin ki, tədqiqatçı olmağıma, Ermənistanı yaxşı tanıdığıma görə mənim ölkəyə turist kimi səfərimi təhlükə sayıblar. Elə bu üzdən məni türk casusu olaraq suçlayıblar. Mənə mənəvi və psixoloji işgəncə verərək İrəvanda başıma silah dayayacaqlarını, indiyədək yazdıqlarımı nə deyə biləcəyimi, nə yaza biləcəyimi söylədilər. Məni sərhədə yaxın bir məntəqədə 5-6 saat saxladılar”.

Erməni dilində bilən yapon alimi ermənilərin ona söydüklərini, təhqir etdiklərini bildirib. Ölüm təhdidləri ilə üzləşən yapon alimi ermənilərin ondan niyə qəzəbli olmalarını, “qara siyahıya” düşməsinin səbəbini izah edib: “Sərhəddəki təhlükəsizlik əməkdaşları daşnak, ASALA mövqeli insanlardır. Onlar Ermənistanın siyasi mövqeyini, Qarabağ məsələsi ilə bağlı öz fikirlərini mənəvi-psixoloji basqı ilə mənə qəbul etdirməyə çalışdılar. Ancaq mən bir alim olaraq doğruları söyləməliyəm. Dedim ki, beynəlxalq hüquqa əsaslansaq, Qarabağ Azərbaycan torpağıdır. Bunu söyləyincə məni təhdid etdilər. Əslində mən məqaləmdə Paşinyanı tənqid etməmişəm, Ermənistanın ümumi siyasi xətti haqqında fikirlərimi bildirmişəm. Bu gün Ermənistanda Türkiyə ilə normal münasibətlər yaratmağa çalışan Paşinyan tərəfdarları ilə Türkiyə ilə münasibətlərə qarşı olan müharibə tərəfdarları arasında ciddi mübarizə gedir. Hazırda belə sərt mövqeli Daşnak Partiyası, ASALA tərəfdarları Ermənistan rəhbərliyində, önəmli qurumlarında daha aktivdilər”.

Yapon alimi 5-6 saat saxlandıqdan sonra maşınla Gürcüstan sərhədinə aparılaraq, sərhəddən geri qaytarılıb. Yapon alim deyib ki, tədqiqatlarını davam etdirəcək, daşnakçı, ASALA tərəfdarı olan müharibə tərəfdarlarının cəhdlərinə baxmayaraq, bölgə ilə bağlı həqiqətlər daha geniş şəkildə üzə çıxacaq.

Qeyd edək ki, yapon alimi Keisuke Vakizaka Şimali və Cənubi Qafqaz üzrə ixtisaslaşıb, bu bölgəyə aid bir sıra elmi məqalələrin müəllifidir. Yapon alim 2019-cu ildə Orta Doğu Texnik Universitetində dissertasiya müdafiə edib (Dissertasiyanın adı: Living as ”North Caucasians” in Georgia: Identity and integration in Georgia among the Ossetian and the Chechen-Kist communities). Keisuke Vakizaka Ermənistan-Azərbaycan münaqişəsini, ermənilərin qondarma 24 aprel soyqırımı iddialarını geniş şəkildə araşdırıb. Hazırda o, İstanbul Gəlişim Universitetində müəllim kimi çalışır, bölgə üzrə tədqiqatlarını davam etdirir. Siyasət elmlərinə giriş, Dünya siyasətində Orta Asiya və Qafqazların yeri, Regional və Beynəlxalq əməkdaşlıq və s. fənləri tədris edir.