İyunun 23-25-də Portlenddəki (ABŞ) Oreqon Müasir İncəsənət Mərkəzində Azərbaycanın əməkdar mədəniyyət işçisi və rəssam Sürəyya Muğanlının “İlkinliyin itməyən işığı” adlı fərdi sərgisi keçirilib.

Heftelik.az-ın məlumatına görə, sərginin kuratorları Ta(r)dino 6 İncəsənət Platformasının həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir.

Ə. Səmədovanın sözlərinə görə, rəssamın xaricdə ilk fərdi sərgisini keçirmək ideyası ötən ilin payızında ABŞ-da CEC ArtsLink International Fellowships rezidenturasında olarkən yaranıb.

Kurator qeyd edib ki, sənətkarın özünəməxsus həyat hekayəsi və səmimiliyi dərhal yerli tamaşaçıların diqqətini cəlb edib.

Sürəyya Muğanlının hekayəsi doğrudan da heç kəsi biganə qoya bilməz. Axı o, Azərbaycanın Saatlı rayonunda doğulub yaşayan, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əsasını qoyan və idarə edən, psixodelik aspektli introspektiv qrafika əsərləri yaradan rəssamdır. Sürəyyanın əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın bütpərəst inanclarından ilhamlanan vizual sitatlar var.

“Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Bakı şəhərində iki dəfə fərdi sərgim olub. 2019-ci ildə isə kurator Əsli Səmədova dəvəti ilə “Məxmər etiraflar” adlı qrup sərgidə ilk dəfə xaricdə işlərimi sərgiləmişəm. Sərgilərimi həmişə gənc mütəxəssislər təşkil etmişdir. ABŞ-da olan sərginin təşəbbüskarı və təşkilatçıları da gənclərimizdir. Bu gün çox qarışıq hisslər keçirirəm. İlk olaraq, yolun uzaq olması səbəbindən sərgidə iştirak edə bilmədim (sanki ən əziz adamının toyudur və sən isə ora gedə bilməyib xəyal edirsən). İkincisi, böyük bir ölkədə, çağdaş incəsənətin vətənində, fərqli mədəniyyətlərə, dünya baxışına malik tamaşaçılara əsər təqdim etmək məni çox həyacanlandırır. Etiraf edirəm ki, çox fərəhlənirəm. Qürurlanıram ki, mən Azərbaycan, Muğan, Saatlı mədəniyyətini uzaq bir dövlətdə təbliğ və təmsil edirəm”, – S.Muğanlı qeyd edib.

“Portlend auditoriyasından və ABŞ incəsənət xadimlərdən çoxlu müsbət rəylər aldıq. İlk ziyarətçilər arasında fotoqraf Kris Rauşenberq də olub. O, keçən ildən Sürəyya xanımın yaradıcılığına heyran qalmışdı. Keçirdiyim tədbirdə (red. 19 Oktyabr 2022-ci ildə Oregon Contemporary-də Ta(r)dino 6 tərəfindən hazırladığı eksperimental sənədli filmin nümayişi) fəal iştirak etmiş, Sürəyya xanım haqqında mənə çoxlu suallar vermişdi. Bu dəfə isə onun sənət əsərlərini şəxsən görməkdən sevinc duyduğunu bildirdi. Krisin incəsənətə marağı valideynləri – dünya şöhrətli rəssam Robert Rauşenberq və Syuzan Veyl tərəfindən formalaşdırılıb və belə bir nüfüzlü incəsənət işçisinin Sürəyya xanımın yaradıcılığını yüksək qiymətləndirməsi çox ürəkaçandır”, – Ə.Səmədova bizimlə bölüşüb.

“Portlend şəhərində sərgi fransız və rus kolleksionerlər və xeyriyyəçi dostlarımız sayəsində mümkün oldu. Biz Çikaqo şəhərinin muzeylərin birində Sürəyya xanımın fərdi sərgisini keçirmək təklifini almışıq. Ta(r)dino 6 2024-cü ildə İçərişəhərdəki məkanında Sürəyya Muğanlının fərdi retrospektiv sərgisini açmağı planlaşdırır. Hal-hazırda fəal şəkildə maliyyə axtarışındayıq və ümid edirik ki, Sürəyya Muğanlının yaradıcılığına xarici auditoriyanın marağı və xaricdə ilk fərdi sərgisi kimi əlamətdar hadisə layihəmizə Azərbaycanda da diqqəti cəlb edəcək.”, – deyə kurator yekunlaşdırıb.

Qeyd edək ki, 2019-cu il fevralın 1-də yaradılmış Ta(r)dino 6 İncəsənət Platforması beynəlxalq əhatəli Bakı təşəbbüsüdür. 2021-ci ildə platforma QHT statusu alıb. Fəaliyyət göstərdiyi dörd il ərzində platforma İtaliya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, Ukrayna və ABŞ-da uğurla tədbirlər keçirib. Müstəqil platformanın əsas məqsədi təkcə Azərbaycandan deyil, həm də Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan olan rəssamlara dəstək olmaqdır. Beləliklə, 2022-ci ildə Ta(r)dino 6-nın “IZOLYATSIA. Platform for Cultural Initiatives” ilə ortaq səyləri sayəsində Ukraynada yeddi mədəni təşəbbüsü maliyyələşdirib. Bundan əlavə, tərəfdaşlar Arles Contemporaines fotofestivalı çərçivəsində Arlesdə fotoqraf Aleksandr Çekmenevin “Citizens of Kyiv” adlı sərgisini təşkil ediblər.