Xidməti fəaliyyəti ilə əlaqədar özünün həyatı, sağlamlığı, mülkiyyəti, şərəf və ləyaqəti və işgüzar nüfuzu qəsdlərə (bundan sonra-qəsdlərə) məruz qalan əməkdaşın hüquqları və qanunla qorunan maraqları Komitə tərəfindən müdafiə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Göstərilən qəsdlərə məruz qalmış əməkdaş tərəfindən hadisə baş verən zaman bu barədə bilavasitə rəhbərinə dərhal məlumat verilməli, baş verən hadisə üzrə mümkün olan bütün sübutlar toplanaraq sənədləşmə aparılmalı və toplanmış material qəsdə məruz qalmış əməkdaşın xidmət apardığı gömrük orqanının və ya qurumunun hüquq strukturuna göndərilməlidir.
Hüquq strukturu tərəfindən aparılan ilkin araşdırma zamanı gömrük orqanı əməkdaşına qəsd edən şəxsin əməlində hüquqpozma faktına yol verildiyi təsdiqini tapdığı təqdirdə material hüquqpozma faktının xarakterindən asılı olaraq şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqana göndərilir. Qəsdə məruz qalmış əməkdaşın təhqiqat, istintaq orqanlarında və məhkəmə prosesində iştirakı və hüquqlarının müdafiəsi üçün lazımi şərait yaradılması, hüquqi yardımın göstərilməsi və bununla bağlı yaranacaq bütün xərclərin ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir.
