Məcburi köçkünlərin təhsil hüququnun təmin edilməsi güzəşti onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədə olacaq.

Heftelikaz-ın xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın  sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 21 may 1999-cu il tarixində qəbul edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən, məcburi köçkünlərin sosial müdafiə tədbirləri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə, məşğulluğun təmin edilməsi, sosial təminat, tibbi təminat, təhsil hüququnun təmin edilməsi, nəqliyyat və mənzil-kommunal və digər güzəştlər nəzərdə tutulur.

Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir.