Daha çox biznesmen,  “Kontakt Home”-nin sahibi kimi tanınan Elnur Allahverdiyevin prezident seçkiləri kimi həssas dönəmdə, Milli Məclisin yaz sessiyasının ilk iclasında faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif etməsi parlament rəhbərliyi üçün də gözlənilməz olub.

Heftelik.az-ın əldə etdiyi məlumata görə, parlament rəhbərliyi qeyri-rəsmi formada deputat Elnur Allahverdiyevə bir daha parlamentdə  bu mövzuda danışmamağı tapşırıb.

Məsələ ondadır ki, gələcəkdə peşəkar ordu quruculuğuna keçid məqbul sayılsa da, biznesmen kimi daha çox tanınan bir deputatın faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif etməsi əks reaksiya doğurur və bu ideyanı gözdən salır. Elə buna görə də həmin həssas dönəmində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan digər deputatlara bu mövzuda açıqlama vermək tapşırılıb. Bununla da Elnur Allahverdiyevin bir “təşəbbüskar” kimi kölgədə qalmasına çalışılıb. Parlamentin həmi komitəsini üzvləri də o dənəmdə mediada bu məsələ ilə bağlı fəallıqları ilə diqqət çəkib.

Qeyd edək ki, Elnur Allahverdiyev yaz sessiyasının ilk iclasında çıxışında, hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib: “Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 ay, yaxud 6 ay müddətində keçmək olar….”.

Deputat az əvvəl isə bir zaman “Kontakt Home”-da yüksək vəzifədə çalışmış yaxın qohumlarının pula görə  səs-küylü qətl törətməsi ilə də gündəmə gəlib.  Söhbət rəssam-modelyer Elnarə Bəkirovanın atasını 285 min manatı ələ keçirmək üçün öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işindən gedir. Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.

“Kontakt Home”son zamanlar həm də jurnalistlərin və yazıçıların “qənimi”nə çevrilməsi ilə də diqqət çəkir. Bir müddət əvvəl tanınmış jurnalist Çingiz Səfərli “Kontakt Home” tərəfindən aldadıldığını bildirmişdi. Jurnalist mediaya açıqlamasında demişdi ki, “Kontakt Home” şirkəti Azərbaycan Respublikasının qanunlarını tanımır, alınan malların 14 gün ərzində qaytarılması ilə bağlı qanunvericiliyin tələbinə riayət etmir. Fevralın 10-da isə yazıçı, Kulis az saytının baş redaktoru Ulucay Akif “Kontakt Home” şirkətini sərt tənqid edib. Rəylərdə bir çox sosial şəbəkə istifadəçiləri də “Kontakt Home”-dən şikayətləniblər. Məsələn, Ürfan Məmmədli “Kontakt Home”-nin məhsullarının çox keyfiyyətsiz olduğunu yazıb: “Kontakt Home” çox keyfiyyətsiz məhsullarla yaddaşımda dərin iz buraxıb: Görünür, xidmət keyfiyyətləri də məhsulları kimi qüsurludur. Artıq bir neçə ildir ki, bu mağazanın məhsullarını boykot etmişəm”.

Digər sosial şəbəkə istifadəçisi Əfqan Quliyev isə bildirib ki, “Kontak Home” mağazalarından nəsə almağı özünə “padlo” bilir: “Ciddi deyirəm. Ayıb bilirəm özümə”.

Fevralın 15-də isə “Kontakt Home” Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlini hövsələdən çıxarıb. Elşad Məmmədli Facebook paylaşımında yazıb ki, “Kontakt Home” adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: “Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb. Üstündən 20 gün keçir bu gün, yəni bir aylıq period da yoxdur heç, zəng ediblər ki, yenə 166 manat borcunuz var. Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal – 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yeni cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son ilyarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin… Təpəniz haqqı, mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm!”.

Jurnalist Nicat Dağlar da “Kontakt Home”-dən şikayətlənib: “Biz də bu günlərdə elektrik çayniki almışıq. Xarab çıxdı. Aparıb vermişəm özlərinə, göndəriblər öz emalatxanalarına. Dünən zəng ediblər ki, gəlin götürün. Deyirəm mən təmir olunmuş malı istəmirəm, qızıl zəmanət əsasında yenisini istəyirəm. Deyirlər yox ey, gəlin bunu götürün. İndi mən qızıl zəmanətin pulunu niyə ödəmişəm?. KontaktHome istehlakçı hüquququnun pozulması halını necə izah edə bilər?”.