… O, dünyanı da, dünyada özünün yerini də çox gözəl bilir. Özü çəkib gətirib bu ömrü 60-cı pilləyə, özü də namuslu yaşamı və yaradıcılığı ilə. Xəqani Qayıblını deyirəm… Özü Estoniyada, ürəyi Vətəndə, ruhu poeziyanın nüvəsində olan Xəqanini:
Tanrım, təpədən-dırnağa,
Ağrıyam, sözəm, bilirəm.
Məhşər Günü dərgahında,
Ağrıyan Sözəm! Bilirəm…
Məhşər günü Səsə dönüb
şeir desəm öz ağzımnan.
Məni Sözümə bağışla –
qurtar məni Söz ağzından!
Xəqani Qayıblı SÖZÜ ÖMÜR PİLTƏSİNƏ YAĞ eyləyənlərdəndir. Şair dostumuz İbrahim İlyaslıya xitabən yazdığı şeirdə dediyi kimi:
Xaqani der: şəkk etməsin ozanlar,
“Arif olan mətləbimi tez anlar”.
Könül verib Haqqa, şeir yazanlar,
Sözü ömür piltəsinə yağ eylər!
O, 60 ildir ki, uzun bir bir söz yolçuluğundadır. Bu yolçuluğun əbədiyyətə qədər gedəcəyi bəlli…
Onun işlədiyi rəsmi vəzifələr, daşıdığı titullar, yüksək elmi adlar – hamısı (Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin sədr müavini, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universitetinin Türk Dili Mərkəzinin müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim, şair, tərcüməçi, publisist, ictimai xadim, professor), elə bilirəm ki, şair XƏQANİ QAYIBLI imzasına borcludur. Elə bilirəm ki, onun yol aldığı, mənzilə yetdiyi bütün məqamlarda şair XƏQANİ QAYIBLInın nişanələri var. Xəqaninin Azərbaycana – hansısa ədəbi tədbirə, ya hansısa qələm adamının ad gününə gəlmək Borçalıdan-Qaraçöp mahalından Bakıya gəlmək qədər ÜRƏKlidir. Onun Vətənə hər gəlişi ÜRƏKlidir. Gələn yollar da, gedən yollar da yolçunun Xəqani Qayıblı olduğunu bilirlər:
Danmaz bu iz – Yol məni,
Bu Yol edib qul məni!
Su Pərim ol, bul məni,
Dəryada – dənizdəyəm!
Bu dəryaya, dənizə, səhraya, düzə gəlib çatınca Xəqani Qayıblı o qədər çalın-çarpaz yollardan keçib, o qədər qırmızı, sarı işıqların gərəksiz hökmünə tabe olub ki, yaşıl işığın da nə vaxtsa ola biləcəyini təsəvvür belə etməyib.
Yaşıl çöl görmüşəm, çəmən görmüşəm,
Bu mavi səmanı həmən görmüşəm.
Bir gün də özümü mavi Xəzərin
yamyaşıl suyunda çimən görmüşəm,
Hələ görməmişəm yaşıl işıq mən.
Kəsib yollarımı, keçidlərimi
Qırmızı işıqlar, sarı işıqlar…
Mənim yollarımı keçilməz edən
yarı taleyimdi, yarı işıqlar.
Hər dəfə Xəqani Qayıblını oxuyanda, bu şeirin üstündən sükutla keçə bilmirəm. Bu şeirdə böyük EŞQ var, bəlkə ona görədir. Həm eşq var, həm də eşqin ustaca tərənnümü:
Ölsəm, qoynunda basdır,
Yerimi bilən olmasın!
Kefi istəyəndə durub,
Üstümə gələn olmasın!
Olmasın qəbrimi bilən,
Bir qərib qədrini bilən…
Təkcə sən dərdimə bələn,
Dərdini bölən olmasın!
Gördünüzmü, onun bu fani dünyadan gedə bilmək istəyi də başqadır. Elə bilməyin sadəcə bir şeirində buna toxunub… Yox, elə ali düşüncəsi belədir, belə gözəl fərqlilik yaradır:
Mən öləndə
mənə tabut yapmayın,
Məni
məndə aparın
qəbristanlığa.
Varınca bir anlığa
ayaq saxlayın…
…Xəqani adlı üç şairi sevirəm, üçü də SÖZÜN XƏQANİsidir, üçünün də yaşantılarında və yaradıcılığında bir ağayanalıq, ləngərlilik var. Əfzələddin Xəqaninin 898, Xəqani Qayıblının 60, Xəqani Həbiboğlunun 58 yaşı var, aralarında elə də yaş fərqi yoxdur, 838 il yaş fərqi nədir ki, əbədiyyətin fonunda… Gün isə Xəqani Qayıblınındır, yubilyar odur. Onun da (elə Xəqani Həbiboğlunun da) 898 il yaddaşlarda qalmaq, unudulmamaq haqqı var.
Oğluna xitabən yazıb bu misraları:
Çəkə tut, oğlum, çəkə,
Çəkə tut atın başını!
Çalış bircə çəkə tutma,
Bu boş həyatın başını…
Mən də öz sözlərini 60-a xoş gələn əfəndimizə ünvanlayıram: ÇALIŞ BİRCƏ ÇƏKƏ TUTMA, BU BOŞ HƏYATIN BAŞINI…
Vasif SÜLEYMAN
