Ötən gün jurnalist Fərahim Qasimovun anası müalicə aldığı “Stimul Hospital”da vəfat edib.
Heftelik.az-ın məlumatına görə, jurnalist anasının xəstəxanada sistem köçürülərkən öldüyünü bildirib:
“Dünən heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlanış etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi, məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib”.
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.