Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə,  Gürcüstan yığması Almaniyada keçiriləcək qitə birinciliyində iştirak edəcək.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olublar – 4:2.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstan isə ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyib. Yunanıstan millisi 2004-cü il Avropa çempionatının qalibidir.

Qeyd edək ki, qarşılaşma Tbilisidəki “Dinamo Arena”da baş tutub.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi Almaniyadır.