Aprelin 9-da Mərkəzi Bankın “Rabitəbank”a daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq etdiyi məlum oldu.

Heftelik.az-ın məlumatına görə, xəbərdarlıqda qeyd edildi ki, “Rabitəbank” Mərkəzi Bankın  bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı normativinin pozub.

Mərkəzi Bank tərəfindən “Rabitə Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Yeri gəlmişkən,  Mərkəzi Bank müştərilərin kütləvu surətdə bankdan əmanətlərini geri çəkməməsi üçün onu da əlavə edib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.

Bəs “Rabitəbank”ın üzləşdiyi problemi nə dərəcədə ciddi saymaq olar?

Qeyd edək ki, risk zərər və itki ilə nəticələnən hadisələrin baş vermə ehtimalıdır. Bank riskləri isə iqtisadiyyatda və maliyyə bazarında gözlənilən və ya gözlənilməyən hadisələrin baş verməsi ilə yarana bilər. Kredit riski müştərilərin bank qarşısında kredit borclarını geri ödəyə bilməməsi və ya ödəməməsi hallarında ortaya çıxır və bankın kredit aktivlərinin azalmasına səbəb olur. Bu hal bankın təklif etdiyi istehlak, biznes, ipoteka və s. kreditlərdə baş verə bilər ki, bütün bu kredit riskləri bankı müflis olmağa qədər apara bilər.