Cəzaçəkmə müəssisələrindən azad olunan, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş və üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə dair mərkəzləşdirilmiş uçotun hansı qaydada aparıldığı məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Cəzaçəkmə müəssisələrindən azad olunan, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş və üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə (cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər) dair mərkəzləşdirilmiş uçot aşağıdakı qaydada aparılır:
– məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsindən azad olunmasına iyirmi gün qalmış həmin müəssisənin əməliyyat-rejim xidməti tərəfindən iki nüsxədə məlumat-axtarış kartı (MAK) tərtib olunaraq (cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər istisna olmaqla) bir nüsxəsi Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə (BƏSİİ) və ikinci nüsxəsi yaşayış yeri üzrə ərazi polis orqanına göndərilir;
– cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim xidməti tərəfindən üç iş günü ərzində BƏSİİ-yə məlumat verilməklə iki nüsxədə MAK tərtib olunaraq Probasiya xidmətinə göndərilir;
– Probasiya xidməti vaxtından əvvəl cəzadan şərti azad olunan şəxslərə dair MAK-da müvafiq qeydlər apardıqdan sonra üç iş günü ərzində bir nüsxəsini BƏSİİ-yə, ikinci nüsxəni isə yaşayış yeri üzrə ərazi polis orqanına göndərir;
– üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin Probasiya xidmətinin yerli qurumlarında qeydiyyata alındığı gündən Probasiya xidmətinin icra məmuru tərəfindən iki nüsxədə MAK tərtib olunaraq bir nüsxəsi BƏSİİ-yə, ikinci nüsxəsi isə məhkum edilmiş şəxsin yaşayış yeri üzrə ərazi polis orqanına göndərilir;
– еv dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər polis orqanında qeydiyyata alındığı və elektron nəzarət vasitəsi məhkuma tətbiq olunduğu gündən əməliyyat xidməti tərəfindən iki nüsxədə MAK tərtib olunur. MAK-ın bir nüsxəsi üç iş günü ərzində BƏSİİ-yə göndərilir, ikinci nüsxəsi isə həmin polis orqanının kartotekasında saxlanılır;
– şərti məhkum etmə zamanı müəyyən edilən sınaq müddəti, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı cəzanın çəkilməmiş hissəsi başa çatdıqda tətbiq olunmuş elektron nəzarət vasitəsi Probasiya xidmətinin icra məmuru və ya polis orqanı tərəfindən birdəfəlik çıxarıldıqda bu barədə üç iş günü ərzində BƏSİİ-yə məlumat verilir.