Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Siyəzəndə sahibkarlarla “Quşçuluq sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.
Heftelik.az xəbər verir ki, Siyəzən Gənclər Evində reallaşan tədbirdə Dövlət Vergi Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional Bölməsi, Siyəzən Rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzi, “Azəriqaz” İstehsalat Birliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Müvəkkil kredit təşkilatları və müvafiq sahibkarlıq subyektləri ilə yanaşı “Azərişıq” ASC-nin nümayəndələri də iştirak edib.
Siyəzən Elektrik Şəbəkəsinin (EŞ) rəisi Ramin Sultanov tədbirdə iştirak edən 30-dək sahibkarla fikir mübadiləsi aparıb. Onların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb. Quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması və elektrik enerjisindən istifadə qaydaları, eləcə də Səhmdar Cəmiyyətin həyata keçirdiyi elektron xidmətlərlə bağlı ətraflı məlumatlar verilib.
Qeyd edək ki, “Azərişıq” ASC fermer və sahibkarların keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, onların elektroenergetika sahəsində maarifləndirilməsi məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir.

