Məşhur qrim rəssamı 75 yaşlı Elbrus Vahidov “Azərbaycanfilm” studiyasınıdakl otağından qovulub, qrim masası sındırılıb.
Heftelik.az xəbər verir ki, bu barədə kinoşünas Sevda Sultanova paylaşım edib.
“Deməli, “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və onlarla filmdə qrim rəssamı işləmiş 75 yaşlı Elbrus Vahidovu “Azərbaycanfilm” kinostudiyasındakı otağından yeni rəhbərlik çıxarıb. Bəli, Elbrus müəllim orda ştatda deyil, aydındır. Və ən pisi odur ki, Elbrus müəllimə xəbərdarlıq etmədən, hörmətsizlik edərək otağına girərək, onun əşyalarını çıxarıb tullayıblar, üstəlik, deyilənə görə, onun qrim masasını doğrayıblar”, – deyə Sevda Sultanova qeyd edib.
Kinoşünas yazıb ki, bəhanə kimi həmin otağın artıq kirayəyə verilməsi göstrilib:
“Tofiq Tağzadəni, Eldar Quliyevi, Fazil Salayevi tanımayan, kinomuza bir faydası olmayan, kino məmurları! Bu il yublieyi olacaq, əməkdar incəsənət xadimi Elbrus Vahidov, illərlə, sizdən fərqli olaraq, kinoya xidmət edib, ən yaxşı yaxşı filmlərdə qrim rəssamı işləyib, kinostudiya ilə nəfəs alıb. Zəhmət olmasa, kinostudiyanın rəhbərliyi, həmçinin, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məsələyə aydınlıq gətirsin”.
Qeyd edək ki, keçən ilin oktyabrında Qurban Pirimov “Azərbaycanfilm” studiyasının direktoru vəzifəsinə təyin edilib. Qurban Pirimov həmçinin Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) direktor müavinidir. O, Azərbaycanın ilk Xalq artisti, tarzən Qurban Pirimovun nəvəsidir.
Elbrus Vahidovun otağından qovulması, əşyalarının çölə atılması, masasının qırılması prosesinə isə Azərbaycanfilm” studiyasının direktor müavini Rüfət Qarazadənin rəhbərlik etdiyi bildirilir. Rüfət Qarazadə Xalq şairi Musa Yaqubun nəvəsidir.
