ABŞ–İran xəttində gərginlik artdıqca, səhnədə görünən aktorlardan daha çox pərdə arxasındakı tək bir şəxsin prosesin istiqamətini müəyyənləşdirdiyi iddiası diqqət çəkir. Atəşkəsin kritik mərhələsində qəbul edilən sürpriz qərar, diplomatiya ilə sahədəki güc balansı arasındakı incə xətti yenidən müzakirə mövzusuna çevirərkən, kulislərdə danışılan həmin “səssiz güc” bütün tarazlığı dəyişə bilər.

ABŞ ilə İran arasındakı gərginlik yeni mərhələyə qədəm qoyur. Razılaşdırılmış müvəqqəti atəşkəsin başa çatmasına az qalmış ABŞ Prezidenti Donald Tramp iki həftəlik atəşkəsi birtərəfli qaydada uzatdığını açıqlayıb. Daha sonra bu məsələ ilə bağlı İrana məhdud vaxt verildiyi bildirilib.

Bu qərar qısa müddətdə diplomatik təmasların daha da intensivləşəcəyinə işarə etsə də, sahədə hərəkətliliyin artması ehtimalını da gücləndirir. İran tərəfində isə prosesin gedişini müəyyən edən əsas fiqurlar yenidən diqqət mərkəzinə çəkilir. Bu şəxslər arasında ən diqqət çəkəni, səhnədə görünməsə də pərdə arxasından prosesi yönləndirən Əhməd Vahididir.

İRAN TƏRƏFİNDƏ ƏSL QƏRARVERİCİ ƏHMƏD VAHİDİDİRMİ?

Bir tərəfdə sosial media vasitəsilə mesajlar verən və Floridadakı istirahət evindən prosesi idarə edən ABŞ Prezidenti Donald Tramp, digər tərəfdə isə ictimaiyyət qarşısında tam səssiz qalmağı seçən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi dayanır. Diplomatik səhnədə görünən aktorlar fərqli olsa da, kulislərdə əsl qərarvericilərin məhz bu iki şəxs olduğu ehtimal edilir.

ABŞ-ın vitse-prezidenti JD Vens ilə iranlı siyasətçi Məhəmməd Baqir Qalibaf Pakistanın paytaxtı İslamabadda aparılan danışıqlarda ictimaiyyətə diplomatik mesajlar versələr də, mütəxəssislərə görə bu görüşlər prosesin yalnız görünən tərəfidir. Əsas qərarlar isə Vaşinqton və Tehrandakı qapalı görüşlərdə formalaşır.

TƏZYİQ ALTINDA DİALOQ FORMULU

Bu nöqtədə belə bir sual ön plana çıxır: Bu cür qərarların İrandakı “görünməyən aktorlar” üzərində təsiri necə qiymətləndirilməlidir?

Trampın atəşkəsi uzatma qərarını tək bir kateqoriyaya aid etməyin mümkün olmadığını vurğulayan İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçılarından Oral Toğa mövzuya İran baxımından belə münasibət bildirib:

— İran tərəfində parlament sədri Məhəmməd Baqir Qalibafın milli təhlükəsizlik müşaviri Mehdi Məhəmmədi bu uzadılmanı açıq şəkildə vaxt qazanmaq manevri kimi qiymətləndirib; Vaşinqton dairələrində isə İranın “vahid təklif” hazırlamasının gözlənildiyi qeyd olunur. Görünməyən aktorlar məsələsində Vaşinqtonun “parçalanmış hökumət” yanaşmasının çatışmayan tərəfi budur: Tehranda qarşı-qarşıya gələn çoxsaylı güc mərkəzlərindən deyil, İnqilab Keşikçiləri Korpusunun 2010-cu illərdən etibarən tədricən artan və 2021-dən sonra zirvəyə çatan mülki institutlar üzərində inhisarından danışmaq lazımdır.

— Kəşfiyyat Nazirliyinə qarşı İnqilab Keşikçilərinin kəşfiyyatı, Xarici İşlər Nazirliyinə qarşı isə “Qüds Qüvvələri”nin diplomatiyası artıq paralel deyil, birbaşa əvəzləyici mövqedədir. Cavad Zərifin 2025-ci ilin əvvəlində ikinci dəfə siyasi səhnədən uzaqlaşdırılması və Prezident Pezeşkiyanın 2024-cü ilin payızından bəri xarici siyasətdə açıq şəkildə susdurulması bu prosesin açıq göstəriciləridir. Buna görə də formal əks-tarazlıq mexanizmlərinin sıradan çıxması müşahidə olunur. Əhməd Vahidinin adı pərdəarxası əsas qərarverici kimi önə çıxır və bu vəziyyət parçalanmanın deyil, mərkəzləşmiş gücün hələ vahid təklif formalaşdıra bilməməsinin nəticəsidir.

SƏSSİZ, AMMA HƏLLEDİCİ GÜC

İnqilab Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi müharibə başlayandan bəri heç bir mətbuat açıqlaması verməyib, müsahibə etməyib və ictimaiyyət qarşısına çıxmayıb. Vahidi bu vəzifəni fevralın 28-də sələfi Məhəmməd Pakpur ilə İranın dini lideri Əli Xameneinin ABŞ–İsrail hücumu nəticəsində öldürülməsindən sonra üzərinə götürüb. Bu qəfil liderlik dəyişikliyi İranın hərbi və siyasi sistemində ciddi böhran yaradıb. 67 yaşlı komandan bu böhran şəraitində nəzarəti sürətlə ələ alan nadir fiqurlardan biri olub.

Oral Toğa qeyd edir ki, Vahidinin ictimaiyyətdə demək olar görünməməsi üç müstəvidə qiymətləndirilməlidir: “Birincisi, əməliyyat təhlükəsizliyi. Əvvəlki iki baş komandan – Hüseyn Səlami 2025-ci ilin iyununda baş verən On iki günlük müharibədə, Məhəmməd Pakpur isə fevralın 28-də ABŞ–İsrail əməliyyatının başlanğıc mərhələsində öldürülməsi göstərdi ki, yüksək səviyyəli komandanların görünməsi birbaşa həyati riskdir. İkincisi, şəxsi karyera amili. Vahidi Qasım Süleymaniyə qədər Qüds Qüvvələrinin komandanı olub və həmişə mediadan uzaq profil seçib. Süleymaninin 2014-dən sonra formalaşdırdığı şəxsiyyət kultu isə qayda yox, istisnadır”.

Toğa üçüncü məqamla bağlı isə bildirir: “Suikastlardan sonrakı dövrdə İran komandanlığı görünməzlik və paylanmış idarəetmə prinsiplərinə qayıdıb. Vahidinin təyinatından sonra yalnız 19 martda başqa bir yüksək rütbəli komandanın öldürülməsi ilə bağlı başsağlığı xarakterli açıqlama verməsi bu istiqamətin yeganə nümunəsidir. Buna görə də ‘kölgə strateqi’ ifadəsi həm onun şəxsi profilini, həm də əməliyyat şəraitinin diktə etdiyi zərurəti əks etdirir”.

DAXİLİ SİYASƏTDƏ SƏRT VƏ TƏHLÜKƏSİZLİK YÖNLÜ YANAŞMA

Əhməd Vahidinin ixtisaslaşması klassik hərbi strategiyadan çox, təzyiq və nəzarət üzərində qurulub. Xüsusilə proksi qüvvələrin idarə olunması, separatçı hərəkatların yatırılması və mərkəzi hakimiyyətin zəiflədiyi bölgələrdə nəzarətin təmin edilməsi sahəsində təsirli olduğu bilinir.

İran İslam İnqilabından bəri İnqilab Keşikçiləri sıralarında olan Vahidi 1988-ci ildə Qüds Qüvvələrinin ilk komandanı kimi İranın regional nüfuz strategiyasının əsas memarlarından biri olub. Onun dövründə İran Hizbullah, husilər və HƏMAS kimi strukturlar vasitəsilə geniş proksi şəbəkəsi qurub.

Vahidi 2009–2013-cü illərdə Mahmud Əhmədinejadın prezidentliyi dövründə müdafiə naziri olub. Daha sonra 2021–2024-cü illərdə İbrahim Rəisi hökumətində daxili işlər naziri vəzifəsini icra edib. 2022-ci ildə Məhsa Əmininin ölümü ilə başlayan etirazların sərt şəkildə yatırılmasında mühüm rol oynayıb.

Bu dövrdə çoxsaylı hərbi qubernatorlar təyin edilib, polis sistemində geniş dəyişikliklər aparılıb və İnqilab Keşikçilərinin kadrları yerli idarəetməyə yerləşdirilib.

İRANIN PROKSİ STRATEGİYASININ İKİ ÜZÜ

Bu məqamda mühüm bir sual ortaya çıxır: İranın regional proksi şəbəkələri (Hizbullah, husilər, HƏMAS və s.) nəzərə alındıqda, Vahidinin strateji keçmişi bu strukturları sadəcə çəkindirici vasitəyə çevirir, yoxsa idarə olunan eskalasiya doktrinasına?

“Vahidinin strateji keçmişi İranın proksi şəbəkələrini tək bir doktrina ilə izah etməyə imkan vermir”, – deyə Oral Toğa qeyd edir və əlavə edir:

— 1988–1997-ci illərdə Qüds Qüvvələrinin komandanı olduğu dövrdə Tehran regional müttəfiqlərlə qurduğu əlaqələrdə iki əsas funksiyanı paralel daşıyıb: birincisi çəkindirmə – yəni birbaşa hücumların qiymətini artırmaq; ikincisi isə idarə olunan eskalasiya – yəni münaqişənin intensivliyini lazım gəldikdə tənzimləmək imkanı.

— Bu baxımdan çəkindirmə ilə idarə olunan eskalasiya bir-birinə alternativ deyil, eyni strategiyanın iki fərqli səviyyəsidir. Lakin 2023-dən sonra Hizbullahın zəifləməsi və “Müqavimət oxu” modelinin aşınması bu yanaşmanı ciddi şəkildə məhdudlaşdırıb.

— Suriyada Əsəd hakimiyyəti zəifləyib, HƏMAS-ın hərbi infrastrukturu ciddi zərər görüb, husilər isə Qırmızı dənizdə beynəlxalq koalisiyanın hədəfinə çevrilib. Bu şəraitdə Vahidinin təsiri daha çox institusional əlaqələr və əvvəlki təcrübə üzərindən davam edir. Lakin sahədə əsas müəyyənedici faktor proksi qüvvələrin öz daxili dayanıqlığıdır.

BEYNƏLXALQ ARENADA MÜBAHİSƏLİ FİQUR

Vahidinin fəaliyyəti yalnız daxili siyasətlə məhdudlaşmır. 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə AMIA yəhudi mədəniyyət mərkəzinə qarşı törədilən partlayışla bağlı onun haqqında həbs qərarı çıxarılıb.

Interpol tərəfindən “qırmızı bülleten”lə axtarılan Vahidiyə Avropa İttifaqı 2008-ci ildə sanksiya tətbiq edib. Bu səbəbdən o, bir çox Qərb ölkələrinə səfər edə bilmir.

MÜHARİBƏYƏ HAZIRLIQ MESAJI

Dekabr ayında etdiyi iki çıxış Vahidinin düşüncə tərzi barədə mühüm siqnallar verib. 17 dekabrda keçirilən konfransda o, silahlı qüvvələrin “böyük münaqişələrə hazır olduğunu” vurğulayıb. 10 gün sonra isə ABŞ və İsrailin məğlub olacağına inandığını bildirib. Bu açıqlamalar İranın strateji yanaşmasını ümumiləşdirir:

  • Hərbi qərarlar diplomatiyadan üstün tutulur
  • Uzunmüddətli münaqişəyə hazırlıq mövcuddur
  • Rejimin davamlılığı güc nümayişindən asılıdır