Azərbaycan Respublikası Prezidentinin 7 may 2026-cı il tarixli Fərmanına əsasən, “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilir.
“Bakı Metropoliteni” QSC-dən Heftelik.az-a verilən xəbərə görə, qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib.
Bildirilib ki, yenidən təşkil prosesi çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək.
Cəmiyyətin yeni nizamnaməsi və strukturu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) tərəfindən təsdiq ediləcək”, – məlumatda deyilir.
