Hörmüz boğazı yaxınlığında üç ABŞ esminesi İran Hərbi Dəniz Qüvvələrinin raket və dron hücumuna məruz qalıb.

Heftelik.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda hücuma məruz qalan ABŞ gəmilərinin Oman dənizinə doğru hərəkət etdiyi və İran Hərbi Dəniz Qüvvələrinin hücumları davam etdirdiyi bildirilir. .

“Tasnim”in hərbi mənbəyə istinadən yaydığı bir başqa məlumata görə isə hadisələr ABŞ-ın İranın neft tankerinə hücumu ilə başlayıb.

Mehr xəbər agentliyi ABŞ Ordusunun İranın cənubundakı Minab şəhərində yerləşən Hərbi Dəniz Donanmasının bazasına hücum etdii barədə məlumat yayıb.

Hücum nəticəsində heç kim xəsarət almayıb.

“Fox News”un müxbiri “X” hesabında yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yazıb ki, ABŞ Ordusu cümə axşamı günü İranın Qəşm limanına və Bəndər Abbasa zərbələr endirib.

Məlumata görə zərbələr müharibənin yenidən başlaması və ya 7 apreldə elan edilən atəşkəsə son qoyulması demək deyil.

Qeyd edək ki, yüksək vəzifəli ABŞ rəsmisi “Fox News”a ABŞ ordusunun Minabdakı İran bazasına hücum etdiyini təsdiqləyib.

Bu arada ABŞ Prezidenti Donald Tramp “ABC News”a açıqlamasında ABŞ-ın İrandakı hədəflərə endirdiyi zərbələrə baxmayaraq iki ölkə arasındakı atəşkəsin qüvvədə qaldığını bildirib: “Xeyr, atəşkəs davam edir, qüvvədə qalır”.