Dünən axşam saatlarında İstanbulun Beyoğlu rayonunda “Qalatasaray”ın futbolçusu Lucas Torreira yumruqla hücuma məruz qalıb. Uruqvaylı futbolçunu döydüyü iddia edilən şəxs saxlanılıb.
Camiikebir məhəlləsində yerləşən ticarət mərkəzindəki kafelərdən birinin qarşısında bir nəfər Lucas Torreiraya hücum edib.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları Torreyaya yumruq atan 32 yaşlı Y.Y.-ni hadisə yerindən uzaqlaşmaq üçün mindiyi taksidə saxlayaraq nəzarətə götürüblər.
Aparılan yoxlamalar zamanı Torreyanın sol qaşı ilə gözü arasında qızartı olduğu müəyyən edilib.
Araşdırma zamanı şübhəlinin “qəsdən xəsarət yetirmə” maddəsi ilə əvvəllər də cinayət qeydiyyatının olduğu məlum olub. Lucas Torreiranın həmin şəxsdən şikayətçi olduğu bildirilib.
Polis əməkdaşları hadisə zamanı Torreyanın sürücüsü E.S.-nin (39) davanı ayırmaq məqsədilə Y.Y.-yə yumruq vurduğunu da müəyyən ediblər.
Bundan başqa, şübhəli Y.Y. barəsində uzaqlaşdırma qərarının olduğu öyrənilib.
Hadisənin detalları
CNN Türk-ün müxbiri Merve Tokaz Lucas Torreiraya edilən hücumun təfərrüatlarını belə izah edib:
“Lucas Torreira dünən axşam saatlarında yumruqlu hücuma məruz qalıb. Hadisə saat 18:45 radələrində Beyoğlunda bir məkanın çıxışında baş verib. Lucas Torreira sevgilisi İ.B. ilə birlikdə məkandan çıxarkən qarşılarına İ.B.-nin daha əvvəl uzaqlaşdırma qərarı aldırdığı və haqqında qəsdən xəsarət yetirmə maddəsi ilə cinayət qeydiyyatı olan Yusuf Y. çıxıb və tərəflər arasında sözlü mübahisə yaranıb.
Sözlü mübahisədən sonra Yusuf Y. Lucas Torreiraya yumruq atıb. Ardınca Torreyanın yanında olan şəxslər də qarşılıq veriblər. Dava böyüdükdən sonra Yusuf Y. taksiyə minərək hadisə yerindən uzaqlaşmağa çalışıb. Lakin həmin vaxt məkanın mühafizə əməkdaşları taksini saxlayıb və polisə məlumat veriblər. Yusuf Y. polis tərəfindən saxlanılıb. İstintaq çərçivəsində Lucas Torreyanın da ifadəsi alınıb.
Bundan sonra hadisə ilə bağlı araşdırma prosesi davam etdiriləcək. İfadələri alındıqdan sonra bu gün onun məhkəməyə göndərilməsi ehtimallar arasında göstərilir.”
