“Galatasaray”da həftələrdir maraqla gözlənilən Mauro İcardi məsələsi həllini tapıb.
Heftelik.az xəbər verir ki, çempionluq qeyd etmələrindən sonra prezident Dursun Özbekin “Icardi ilə görüşəcəyik” açıqlaması qısa müddətdə konkret addımlarla davam etdirilib.
Sarı-qırmızılı klub rəhbərliyi argentinalı ulduzun meneceri ilə danışıqlar masasına oturarkən, tərəflər arasında keçirilən görüşlər müsbət nəticələnib. “Galatasaray” azarkeşlərinin sevimlisinə çevrilən Mauro Icardinin komandada qalmaq üçün fədakarlıq etdiyi öyrənilib.
İllik maaşında endirimə razı olan ulduz futbolçunun “Cim Bom”la 1+1 illik yeni müqavilə barədə razılığa gəldiyi bildirilib.
Klub rəhbərliyinin yaxın vaxtlarda rəsmi açıqlama verməsi gözlənilir.
Son illərdə vurduğu qollar, derbilərdəki performansı və meydandan kənardakı liderliyi ilə “Galatasaray”ın çempionluq hekayəsində əsas rollardan birini oynayan Icardi karyerasını sarı-qırmızılı forma ilə davam etdirməyə hazırlaşır.
Azarkeşlərin ayrılmasını istəmədiyi argentinalı ulduzun “Burada xoşbəxtəm” mesajını verdiyi öyrənilib. Beləliklə, “Galatasaray”da yeni mövsüm öncəsi ən vacib məsələlərdən biri xoş sonluqla başa çatıb.
