Konqo Demokratik Respublikasında ortaya çıxan yeni Ebola epidemiyasında yüzlərlə insana virusun yoluxduğundan narahatlıq var. Dünya Səhiyyə Təşkilatı (WHO) fövqəladə vəziyyət elan edib, Amerika Birləşmiş Ştatları isə sərhəd tədbirlərini ən yüksək səviyyəyə çatdırıb. Mütəxəssislər bu dəfə bəşəriyyətin “silahsız” yaxalandığı fikrində həmrəydir: peyvənd yoxdur, müalicə yoxdur, müharibə bölgəsində sürətlə yayılan və həftələrlə hiss edilməyən ölümcül bir kabus var.
3 HƏFTƏLİK GECİKMƏ VƏ PARTLAYAN YOLUXMA SAYLARI
Dünya tarixinin ən mürəkkəb və təhlükəli səhiyyə böhranlarından biri ilə üz-üzədir. Ötən ay Konqo Demokratik Respublikasında yeni Ebola epidemiyasının “ilk məlum qurbanı” olduğu düşünülən bir səhiyyə işçisi həyatını itirəndə xəstəliyin dəhşətli simptomları artıq çoxdan özünü göstərmişdi.
Yerli rəsmilərin bildirdiyinə görə, Bunia şəhərində çalışan və adı açıqlanmayan bu səhiyyə əməkdaşı 24 aprel tarixində yüksək hərarət, qusma və ciddi qanaxmalar nəticəsində vəfat edib.
Lakin rəsmilərin ölümcül virusun mövcudluğunu rəsmi şəkildə təsdiqləməsi və beynəlxalq ictimaiyyətin fövqəladə vəziyyət elan etməsi tam üç həftə çəkib. Bu kritik gecikmə müddətində virus adeta partlayış kimi yayılaraq ölkəni tarixin ən böyük Ebola epidemiyalarından biri ilə üz-üzə qoyub.
Hazırkı məlumata görə, 500-dən çox şübhəli yoluxma halı və ən azı 130 ölüm qeydə alınıb. Epidemiyanın real miqyası ilə bağlı isə ciddi qeyri-müəyyənlik davam edir.
Virus qonşu Uqandaya da keçib və burada iki yoluxma halı təsdiqlənib. ABŞ Konqo və Uqandadan gələn sərnişinlər üçün giriş qaydalarını sərtləşdirib. Virusa yoluxmuş bir ABŞ vətəndaşının müalicə üçün təcili Almaniyaya aparıldığı açıqlanıb.
Konqo Demokratik Respublikası və Uqandada başlayan yeni Ebola epidemiyası səbəbindən Dünya Səhiyyə Təşkilatı həftəsonu “beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti” elan edib.
Cenevrədə keçirilən Dünya Səhiyyə Assambleyasında çıxış edən WHO rəhbəri Tedros Adhanom Ghebreyesus qərarı asan vermədiyini bildirərək “Epidemiyanın miqyası və yayılma sürəti ilə bağlı dərin narahatlıq keçirirəm” deyib.

EPİDEMİYANI TƏTİKLƏYƏN 7 ÖLÜMCÜL SƏBƏB
Səhiyyə mütəxəssisləri Ebola virusunun Mərkəzi Afrikada bu qədər sürətlə və hiss edilmədən yayılmasının arxasında bir neçə amilin dayandığını bildirirlər.
1- SƏHV TEST DƏSTLƏRİ VƏ “MUTASİYA” YANILGISI
WHO-nun Bunia nümayəndəsi Dr. Anne Ancia bildirib ki, ilk yoluxma halları qeydə alınanda yerli həkimlər Ebola testi aparsalar da nəticələr mənfi çıxıb. Bunun səbəbi onların istifadə etdiyi testlərin ölkədəki əvvəlki 17 epidemiyanın 15-nə səbəb olmuş Zair ştamını müəyyən edə bilməsi idi.
Testlər mənfi çıxdıqdan sonra səhiyyə işçiləri xəstəliyin malyariya və salmonella infeksiyasının kombinasiyası olduğunu düşünüblər. Lakin xəstələrdə beş gündən sonra da dayanmayan qanaxmalar müşahidə edildikdən sonra nümunələr daha inkişaf etmiş laboratoriyalara göndərilib və bölgədə çox nadir rast gəlinən Bundibuqyo ştamı aşkarlanıb.
Virusun dəqiq müəyyən edilməsi tam 4 həftə çəkib.
2014-cü ildə Qərbi Afrikadakı böyük Ebola epidemiyası zamanı çalışan təcili tibbi yardım mütəxəssisi Dr. Craig Spencer vəziyyətin ağırlığını belə ifadə edib:
“Bizi ən çox qorxudan şey çox qısa müddətdə çox şey öyrənməyimizdir. Bu, vəziyyətin nə qədər ağır olduğunu göstərir.”
Refugees International təşkilatının rəhbəri Jeremy Konyndyk isə təhlükəni belə izah edib:
“Tarixin ən böyük Ebola epidemiyası olan 2014-cü il epidemiyası rəsmi olaraq müəyyən ediləndə dünyada cəmi 49 yoluxma və 29 ölüm var idi. Bu gün isə epidemiya aşkar ediləndə artıq yüzlərlə yoluxma və ən azı 80 ölüm baş vermişdi.”

2- BU VİRUS ŞTAMINA QARŞI PEYVƏND VƏ MÜALİCƏ YOXDUR
Əvvəlki Ebola epidemiyalarında, xüsusilə 2018-ci ildə alimlər virusun Zair ştamına qarşı təsirli peyvənd və müalicə üsullarından istifadə edərək yayılmanı dayandıra bilmişdilər.
Lakin bu dəfə epidemiyaya səbəb olan virus daha nadir rast gəlinən Bundibuqyo ştamıdır.
Bu ştama qarşı təsdiqlənmiş heç bir peyvənd və ya tibbi müalicə mövcud deyil.
Ölüm faizi 25–50 faiz arasında dəyişən Bundibuqyo ştamı daha əvvəl yalnız 2007-ci ildə Uqandada və 2012-ci ildə Konqoda kiçikmiqyaslı epidemiyalara səbəb olmuşdu.
3- İNANILMAZ BÜROKRATİK SƏHVLƏR VƏ LOJİSTİK QALMAQAL
Reuters agentliyinin məlumatına görə, Bunia laboratoriyası ilk testlər mənfi çıxdıqdan sonra nümunələri Kinşasa və ya Qomadakı tam təchizatlı laboratoriyalara göndərmək əvəzinə kənarda saxlayıb.
Nümunələr nəhayət paytaxt Kinşasaya göndərildikdə isə ciddi logistika problemi yaşanıb. Normalda 4°C temperaturda daşınmalı olan nümunələr 17°C temperaturda çatdırılıb.
Üstəlik, göndərilən nümunələrin miqdarı o qədər az olub ki, əlavə testlərin aparılması məhdudlaşıb.
4- SUPER YAYILMA MƏNBƏYİ: DƏFN MƏRASİMLƏRİ
Xəstəliyə diaqnoz qoyulmadığı üçün bölgədə ölən şəxslər üçün ənənəvi və kütləvi dəfn mərasimləri keçirilməyə davam edib.
Konqo Səhiyyə naziri Samuel Roger Kamba ilk qurbanın dəfn mərasimində iştirak edən insanların cənazəyə toxunduğunu bildirərək “Qaydalardan kənar davranışlar səbəbindən yoluxmalar birdən-birə partladı” deyib.
5- MÜHARİBƏ BÖLGƏSİ VƏ XAOS
Konqo 1976-cı ildən bəri 17 dəfə Ebola ilə mübarizə aparıb və erkən aşkarlanan hallarda uğur qazanıb.
Lakin Şərqi Konqo və İturi bölgəsi silahlı qrupların döyüşdüyü, infrastrukturun olmadığı və logistikanın demək olar mümkünsüz olduğu müharibə zonasına çevrilib.
Minlərlə insanın münaqişələr səbəbindən evlərini tərk etməsi yoluxmuş şəxslərin izlənilməsini demək olar ki, mümkünsüz edir.
6- XARİCİ YARDIMLARIN KƏSKİN AZALMASI
Epidemiyanın nəzarət altına alına bilməməsinin əsas səbəblərindən biri beynəlxalq maliyyə dəstəyinin azalmasıdır.
USAID artıq fəaliyyət göstərmir. CDC-nin qlobal səhiyyə proqramları ciddi şəkildə ixtisar olunub. ABŞ isə Dünya Səhiyyə Təşkilatından rəsmi şəkildə ayrılıb.
Bölgədə səhiyyə xərcləri xarici yardımların azalması səbəbindən 73 faiz azalıb.
7- LOJİSTİK ÇƏTİNLİKLƏR VƏ DİGƏR QLOBAL EPİDEMİYALAR
Ebola yoluxmuş şəxslərin qusma, qan və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır.
Mütəxəssislər bildirirlər ki, virus bir dəfə geniş yayıldıqdan sonra onu dayandırmaq son dərəcə çətin olur.
Müharibə bölgəsində təmiz su çatışmazlığı xəstələrin müalicəsini və dezinfeksiya prosesini daha da çətinləşdirir.

“SİSTEMİMİZ İFLAS EDİB”
1976-cı ildən bəri Ebola virusunu araşdıran məşhur konqolu virusoloq professor Jean-Jacques Muyembe yerli mediaya açıqlamasında deyib:
“Müşahidə və izləmə sistemimizdə çox ciddi zəiflik yaşandı. Açıq deyirəm: sistemimiz iflas edib.”
SƏRHƏDLƏR BAĞLANIR, TƏHLÜKƏ BÖYÜYÜR
Virusun Uqandaya keçməsindən sonra ABŞ da daxil olmaqla bir çox ölkə sərhəd-keçid məntəqələrində və hava limanlarında Ebola ilə bağlı nəzarət tədbirlərini maksimum səviyyəyə qaldırıb.
Mütəxəssislər İturi mərkəzli yeni dalğanın tam nəzarət altına alınmasının aylar, hətta illər çəkə biləcəyi barədə xəbərdarlıq edir.
EBOLA VİRUSU NECƏ YAYILIR?
Ebola virusunun əsas təbii daşıyıcısı meyvə yarasalarıdır.
Virus insanlara əsasən yoluxmuş yarasaların və digər vəhşi heyvanların əti ilə təmas və ya onların ifrazatları vasitəsilə keçir.
İnsanlar arasında isə virus:
- yoluxmuş şəxsin qanı, qusuntusu, tüpürcəyi kimi bədən mayeləri ilə birbaşa təmas,
- virus bulaşmış səthlər və tibbi avadanlıqlarla təmas yolu ilə yayılır.
ƏLAMƏTLƏR VƏ GİZLİ DÖVR
Əlamətlər virusla təmasdan orta hesabla 8–10 gün sonra, bəzi hallarda isə 2–21 gün ərzində ortaya çıxır.
Xəstəlik aşağıdakı simptomlarla başlayır:
- yüksək hərarət və güclü halsızlıq,
- baş, əzələ və boğaz ağrıları,
- qusma və ishal.
Xəstəlik ağırlaşdıqca daxili və xarici qanaxmalar, çoxsaylı orqan çatışmazlığı və ölüm baş verə bilər.
PEYVƏND VƏ YA MÜALİCƏ VARMI?
Bu epidemiyanı təhlükəli edən əsas amil virusun nadir rast gəlinən Bundibuqyo variantı olmasıdır.
2019-cu ildən Zair ştamına qarşı istifadə edilən peyvənd mövcud olsa da, Bundibuqyo variantına qarşı təsdiqlənmiş peyvənd yoxdur.
Hazırda təsdiqlənmiş dərman preparatı da yoxdur. Müdaxilə əsasən xəstələrin izolyasiyası, təmaslı şəxslərin izlənməsi və dəstəkləyici tibbi yardımdan ibarətdir.
Bununla belə, Afrika CDC dörd eksperimental preparatın bölgədə klinik sınaqlar çərçivəsində istifadəsi üçün danışıqları davam etdirir.
