Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumat verənlər cərimələnəcək.
Heftelik.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 253-1.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” qanunda çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsinə görə müəyyənləşəcək yeni qayda ilə bağlıdır. Kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməlidir.
