Sonuncu dəfə evinin yaxınlığında görülən, daha sonra isə yoxa çıxan və bir həftədir axtarılan məşhur aktyor ölü tapılıb.
Heftelik.az xəbər verir ki, son olaraq Virgin River serialı ilə ekranlara çıxan məşhur aktyor Stewart McLean itkin kimi axtarılarkən polis tərəfindən meyiti aşkarlanıb.
Kanadalı aktyorun meyitini tapan Royal Canadian Mounted Police bildirib ki, McLean sonuncu dəfə mayın 15-də Lions Bay bölgəsindəki evində görülüb.
Stewart McLean-in cəsədi, itkin aktyorun böyük ehtimalla qətl qurbanı olduğu açıqlanandan bir gün sonra müəyyən edilib.
45 yaşlı McLean sonuncu dəfə 15 may cümə günü British Columbia əyalətinin Lions Bay bölgəsindəki evində görülmüşdü. Daha sonra yaxınları mayın 18-də məşhur aktyorun itkin düşməsi ilə bağlı müraciət edib.
Kanada polisinin açıqlamasında bildirilib: “İtkin düşmə ilə bağlı araşdırma davam edərkən, qətl şöbəsinin əməkdaşları cənab McLean-in 15 may 2026-cı ildən əvvəlki fəaliyyətlərinin zaman ardıcıllığını müəyyən etmək üçün sübutlar toplayır, analiz aparır, təhlükəsizlik kameralarının görüntülərini incələyir və şahidlərlə danışırlar”.
Polis rəsmiləri qeyd edib: “Cənab McLean-in ailəsi, dostları və yaxınları üçün cavablar tapmağa çalışarkən bütün mümkün ipuclarını araşdırırıq”. Həmçinin istintaqın artıq qətl araşdırması kimi genişləndirildiyi bildirilib.
Play Management də məşhur aktyorun öldüyünü təsdiqləyərək belə açıqlama verib: “Əziz müştərimiz Stew McLean ilə vidalaşmaqdan böyük kədər hissi keçiririk. Stew ilə 10 ildən çox işləmək şansı əldə etdik. Onunla çalışmaq hər zaman böyük zövq idi. O, daim fədakar, peşəkar, həvəsli və son dərəcə yumor hissi olan biri idi”.
Stewart McLean uğurlu televiziya karyerası ərzində Virgin River, Murder in a Small Town, Happy Face və Arrow kimi seriallarda rol almışdı.
