Məhkəmə qərarı ilə yenidən Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə bərpa olunan Kamal Kılıçdaroğlu partiyanın mərkəzi qərargahının binasının boşaldılmasını tələb edib.

Heftelik.az xəbər verir ki, bununla bağlı Kamal Kılıçdaroğlunun vəkili tərəfindən Ankara Valiliyinə müraciət ünvanlanıb.

Müraciətdən sonra valilik tərəfindən binanın boşaldılması ilə bağlı müvafiq təlimat verilib.

Keçmiş rəhbərliyin binadan çıxarılması məqsədilə CHP mərkəzi qərargahının qarşısına polis qüvvələri cəlb edilib.

Partiyanın keçmiş sədri Özgür Özel və tərəfdarları CHP mərkəzi qərargahından çıxarılıb. Özgür Özel partiya qərargahı qarşısında tərəfdarlarına müraciətdə deyib ki, bu gün CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlar.

Qeyd edək ki, mayın 21-i Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayının nəticələri məhkəmə qərarı ilə ləğv olunub.

Qərara əsasən, CHP sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, partiyanın sabiq lideri Kamal Kılıçdaroğlu isə yekun qərar qəbul edilənədək müvəqqəti olaraq sədr postuna bərpa edilib.