Deputat Bəhruz Məhərrəmov qanunvericilikdə “arvad” sözünün işlənməsini düzgün hesab etmir və dəyişiklik təklif edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib ki, qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq.
“Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyatı dəyişikliyin aparılması yaxşı olar”, – deyə o qeyd edib.
Deputat bildirib ki, gender məsələlərindən danışarkən xüsusi ehtiyatlı davranmalıyıq:
“Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib. Bizim bütün fəaliyyətimiz özünü doğrultmuş milli ailə institutunun qorunmasına yönəlməlidir və Azərbaycanın ailə dəyərlərini əlahiddə “kişiləşmiş qadın” obrazı, yaxud milli kimlikdən tam mənada uzaq salınmış “kişi” obrazı ilə zənginləşdirməyə ehtiyac yoxdur. Biz məsələyə reallıq pəncərəsindən baxmalıyıq. Çünki, bu gün Qərbin bəzi dairələri, onların diktəsi ilə hərəkət edən beynəlxalq şəbəkələr və daxildəki marginal, populist ünsürlər “gender bərabərliyi” şüarı altında bizim milli-mənəvi dəyərlərimizə, ailə institutumuza qarşı mənəvi terror həyata keçirməkdədirlər. Bu gün, çox təəssüflər olsun ki, bərabərlik adı altında bizim cəmiyyətə yad, əxlaqi aşınmaya xidmət edən ssenariləri sırımaqdadırlar. Amma baxın, qadının üstünlüyündən danışanlar, özlərinə sərf etməyəndə, heç gözlərini də qırpmadan hər hansı bir qadını sosial media qaragüruhunun linç obyektinə çevirə bilirlər. Bu mənada, hansısa konvensiyanın, hesabatın, hansısa ideologiyanın yanaşması bizim üçün etalon ola bilməz”.
