Ailələrin qız övladlarından niyə imtina etməsi araşdırılmalıdır.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat uşaqların gözü qarşısında heyvan kəsimini də doğru hesab etmir: “Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bu gün ailə zorakılığının bir kökü oradan başlayır.
Nə qədər maarifləndirmə işi ilə məşğul olsaq da, köklü iqtisadi islahatlar cəmiyyətdə aparılmadan, dövlət tərəfindən ciddi sosial proqramlar həyata keçirilmədən biz bu problemlərə qarşı mübarizə apara bilməyəcəyik. Selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr qız övladlarından imtina edir. Bu səbəbləri araşdırıb, bir xəstəliyə diaqnoz qoymadan ona qarşı effektiv mübarizə aparmaq mümkün deyil”.
