İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Heftelik.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər. Bu ortaq bağlar ölkələrimizin xalqları arasındakı dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir. Şübhəsiz ki, bizim qırılmaz bağlarımız iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası hər zaman iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafını dəstəkləmişdir. Biz şadıq ki, xalqlarımızın istək və arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı münasibətlərdə dinamik prosesin şahidiyik.
Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə davam edəcəkdir.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və əmin-amanlıq arzulayıram”.
