Sahibi olduğu televiziya kanalında yayımlanan bəzi futbol oyunlarında qanunsuz mərc reklamlarının verildiyi iddiası ilə barəsində araşdırma başladılan Acun Ilıcalı və kanalın, eləcə də platformanın rəhbərliyində təmsil olunan 7 nəfərin mühakimə olunduğu iş üzrə qərar açıqlanıb.
Heftelik.az xəbər verir ki, “Qanunsuz mərc reklamı vasitəsilə insanları buna təşviq etmək” ittihamı ilə Acun Ilıcalı, ona məxsus televiziya kanalı və rəqəmsal platformanın məsul şəxsləri barəsində aparılan araşdırmanın nəticəsi olaraq hazırlanan ittiham aktında, Ilıcalı da daxil olmaqla 8 nəfərin 1 il 3 aydan 5 il 3 aya qədər azadlıqdan məhrum edilməsi tələb olunurdu.
İşə baxan İstanbul 25-ci Birinci Instansiya Cinayət Məhkəməsində keçirilən iclasda qərar elan edilib.
Məhkəmə Acun Ilıcalı və kanal rəhbərliyində təmsil olunan 7 nəfər barəsində bəraət hökmü çıxarıb.
